Günümüzdə insan xarakterinin zamanla dəyişib-dəyişməməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi xarakterin ümumiyyətlə dəyişmədiyini, kimisi isə zamanla dəyişə biləcəyini söyləyir. Sözsüz ki, bu həyatdda ideal insan yoxdur. Lakin hər kəsin dəyişmək istədiyi və yaxud dəyişməli olduğu xüsusiyyətləri var. Bəzi insanlar dəyişmək üçün müəyyən addımlar atsa da, bacarmırlar, bəziləri isə buna heç cəhd də etmir. Bəs maraqlıdır,insan həqiqətən zamanla özündə müşahidə etdiyi xüsusiyyətləri, xarakterini dəyişə bilərmi?
Psixoloq Günay Məstiyeva mövzu ilə bağlı Missiya.Az-a açıqlamasında bildirib ki, insan xarakterinin dəyişməsi, ümumiyyətlə mübahisəli məsələlərdən biridir.
“Bir çox insanlar ictimaiyyətdə, cəmiyyət arasında qeyd edirlər ki, yox, bu insanın xasiyyəti dəyişən deyil, “qozbeli qəbr düzəldər, “bu, necə gəlib, elə də gedəcək”, “yeddisində nə idisə, yetmişində də də elədir”. Düzdür, biz artıq bu frazalara o qədər öyrəşmişik və şüuraltımıza bunu yerləşdirmişik ki, insan xarakteri dəyişə bilməz. Lakin insan iradi səy göstərsə, özü üzərində dəyərləndirmələr aparıb, özündə autogen məşqlər etsə buna nail ola bilər. Bu çox asan işdirmi, xeyr. Amma insanın bacaracağı işlərdən biridir”.
O qeyd edib ki, insan bunun üçün özündə bəyəndiyi və bəyənmədiyi xüsusiyyətləri qiymətləndirməlidir. Eyni zamanda, yaxşı bildiyi, tanıdığı, güvən duyduğu insanlardan onda bəyənmədikləri xüsusiyyətlə bağlı maraqlana bilər.

“Müəyyən mərhələlərlə biz tutaq ki, niyə hər hansı hadisədə çox aqressiv davranırıq, əsəbiləşəndə ağlayırıq və ya özümüzə, yaxud kiməsə zərər yetiririk? bunları araşdırmaq lazımdır. Əslində bunun şüuraltında səbəblərini tapmağımız nəticəsində gözəl korreksiya işləri gedə bilər. Buna görə də düşünürəm ki, insan öz eqosu ilə deyil, mənlik şüuru ilə, özünü dəyərləndirmək, qiymətləndirmək ilə özündəki mənfi cəhətləri görərək və onları qəbul edərək, özünü aşağılayaraq yox, sadəcə öz xeyrinə, mənafeyinə görə bu xüsusiyyətlərini, xarakterlərini dəyişə bilər. Bu zaman və əmək tələb edən bir şeydir. Zamanla bu mümkündür”.
Bir sözlə, mənfi xarakteri müsbətə doğru dəyişmək, gözəl xüsusiyyətləri özündə aşılamaq üçün böyük iradə və ən əsası istək lazımdır. “Necə biriyəmsə, insanlar elə qəbul edib sevsinlər demək” çarə deyil. Bu həyatda çarə nəyəsə cəhd edib, addım atmaq, istədiyinə nail olmaqdır. Gəlin biz “İlan qabığını dəyişər, xasiyyətini dəyişməz” kimi bir deyimin əksinə olaraq insan istəsə kiməsə zərər verəcək, incidəcək xarakterini də, xüsusiyyətini də dəyişər, müsbətə yönəldər fəlsəfəsi ilə yaşayaq və buna inanaq.
Leyla SƏMƏNDƏR
Missiya.Az