AZ   |   RU
Ayxan Hacızadə: Regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur

Regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur.


Missiya.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.


O qeyd edib ki, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur:


"Bu kimi bəyanatları qətiyyətlə pisləyirik. Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı.


Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir".



  • 19-09-2024, 22:18