AZ   |   RU
Xaricə getmək adı ilə insan alverinin qurbanı ola bilərsiniz


Xaricə getmək adı ilə sizi aldadıb insan alverinin qurbanına çevirə bilərlər. Müxtəlif vədlərlə - iş, təhsil, yaxud yaşayış üçün imkan yaratmaq təklifləri ilə müəyyən firmalar bir çox şəxsi toruna salır. Bəzi qaydalar var ki, onlara riayət edilməlidir, yoxsa xoşagəlməz hadisələrin başımıza gəlmə ehtimalı heç də uzaqda deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Missiya.Az-a açıqlamasında deyib ki, insan alveri ilə mübarizə tədbirləri istiqamətində nazirlik tərəfindən mütəmadi şəkildə tədbirlər həyata keçirilir:

“Sözügedən bədbəxt hadisədən uzaq olmaq üçün müəyyən nüanslara diqqət etməliyik. Xüsusilə də xaricə getmək istəyənlər daha diqqətli olmalıdır. Belə ki, müraciət etdiyiniz firmanın sənədləri və iş təcrübəsi ilə yaxından tanış olun. Əgər sizə xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər verilərsə bu söz halında həyata keçirilməməli, mütləq hər hansı bir rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilə ana dilində olmaqla yanaşı, aydın olan üslubda yazılmalı, xaricdə görəcəyiniz iş haqqında ətraflı məlumat verilməlidir. Müqavilədə mütləq hər iki tərəfin –müraciət etdiyiniz şirkətin və sizin öhdəlikləriniz anlaşıqlı şəkildə göstərilməlidir. Yaxşı olar ki, müqavilənin şərtləri ilə hüquqşünasdan məsləhət alasınız. Həmin qurum adından sizə xarici ölkələrdən birində iş təklifi edən nümayəndənin adını, soyadını öyrənin. Ondan təmsil etdiyi firmanın ona verdiyi vəsiqə, etibarnamə və müqaviləni tələb edin”.



Elbrus İbrahimov vurğulayıb ki, xaricə getməyi planlaşdıranlar miqrasiya xidməti əməkdaşları ilə də əlaqədə olmalıdır:

“Xaricdə hər hansı bir işə düzəltmə ilə əlaqədar, əmək, təhsil və nikah müqaviləsini bağlamazdan əvvəl sizin bu ölkədə çalışmağınız, təhsil almağınız və ya sadəcə yaşamağınızın leqal və təhlükəsizliyi barədə miqrasiya xidməti əməkdaşları ilə mütləq məsləhətləşin”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 3-09-2024, 10:17