26 avqust – Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təşkil edilən sərgilərlə tanış olub.
Sonra “Can Laçın” yarmarkası – bölgəyə məxsus mətbəx nümunələrinin təqdimatı olub. Eyni zamanda uşaqlar üçün əyləncəli tədbirlər – çərpələng uçurtma, maska, şar və torba oyunları, “face art” və s. keçirilib.
"Ata vəsiyyəti – oğul Zəfəri" və "Bir millət, iki dövlət" adlı xalçaların hanadan kəsimi isə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məlumat verilib ki, "Ata vəsiyyəti – oğul Zəfəri" xalçası Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevə "Qarabağ vəsiyyəti" əsasında toxunub. "Bir millət, iki dövlət" xalçası isə Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qarşadlığı haqqındakı məşhur "Bir millət, iki dövlət" müdrik kəlamı əsasında hazırlanıb. Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid "Əjdahalı" xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib. Hər iki xalçanın müəllifi Elnarə Rəsulovadır.
Daha sonra tədbir çərçivəsində “poeziya saatı” təşkil edilib. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə gerçəkləşən tədbirdə ilk olaraq yeni çapdan çıxmış “Laçın – 100” ədəbi antologiyasının təqdimatı olub. Toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 (1924–2024) illiyinə həsr olunub. Nəşrdə indiki Laçın ərazisində yazıb-yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığı ilə açılır.
XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi saz-söz adamlarının yaradıcılığından nümunələr də kitabda yer alıb.
Təqdimatdan sonra laçınlı yazarlar Şərif Ağayar, Səddam Laçın, musiqiçilər Əməkdar artist, xanəndə Ehtiram Hüseynov, həmçinin Xəyal Hüseynov, Aşıq Sahil, Aşıq Afil və digərləri bədii proqramla çıxış ediblər.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən "Sarı Aşığın hekayəti" adlı teatral kompozisiya təqdim edilib.