Ukrayna və Rusiya arasında iki il yarımdır davam edən müharibə 6 avqust tarixində Ukrayna ordusunun Kursk vilayətinə daxil olmasından sonra yeni mərhələyə daxil oldu.
İndi bütün dünyanın diqqəti Ukrayna torpaqlarında gedən qanlı savaşda yox, Rusiya ərazisində baş verən hadisələrdədir. Bir həftədən çoxdur davam edən döyüşlər zamanı bölgədə bir sıra kəndlər boşaldılaraq, minlərlə əhali təhlükəsiz yerlərə təxliyyə edilib. Ukrayna tərəfi ötən gün bəyan etdi ki, artıq Kursk vilayətinin 74 yaşayış məntəqəsi onların nəzarətindədir.
Görünən odur ki, bölgədə yaşanan toqquşmada Rusiya qoşunları Ukrayna ordusunun müqavimətinə tab gətirə bilmir və əraziləri itirməyə davam edir. Hətta Rusiyanın Ukraynadakı müharibədə iştirak edən bəzi bölmələrinin müqavimət üçün Kurska gətirdildiyi barədə məlumatlar da var. Bu isə o deməkdir ki, Moskva Ukrayna ordusunun irəliləməsinin qarşısını almaqda çətinlik çəkir.
Əslində müharibənin ilk günlərində Rusiyanın Ukraynaya müdaxilə etməsilə böyük bir tələyə düşməsi barədə məlumatlar dolaşırdı. Ancaq müharibədə Rusiyanın qazandığı bəzi uğurlar “Moskvanın tələyə düşməsi” ehtimalını arxa plana keçirdi. Ancaq indi gedişat tamamilə dəyişib və savaş artıq Rusiyanın daxilinə sıçrayıb.
Ukrayna ordusu ələ keçirdiyi ərazilərdə möhkəmlənməyə və hücumlar təşkil edərək daha çox torpaqlar əldə etməyə can atır. Çox ehtimal ki, Kiyev hakimiyyəti bundan sonra Qərbin ona dəstəyinin azaldacağını və Ukraynanı Rusiya ilə danışıqlar masası arxasında əyləşməsi üçün ona təzyiqlər göstərəcəyini hiss edir.
Ukrayna prezidenti Volodimir Zelenski də bunu anlamamış deyil və gələcəkdə mümkün ola biləcək danışıqlara əli boş deyil, hansısa avantajla getməyə çalışır. Zelenski ola bilsin ki, danışıqlar olacağı təqdirdə ələ keçirdiyi torpaqların qarşılığında Rusiya Ordusunun Ukrayna ərazilərini tərk etməsini istəyəcək, Moskvanın suyu süzülə-süzülə Ukraynadan tamamilə geri çəkiləcəyi inandırıcı görünmür. Lakin onu böyük ehtimalla söyləmək olar ki, Moskva Zelenskinin çaldığı havaya müəyyən mənada oynamalı olacaq. Çünki Kursk istiqamətində çox ciddi uğursuzluq var. Bu fakt həm orduda ruh düşkünlüyü yaradıb, həm də Putinin özünün reytinqinə ciddi zərbə olub.
Ukraynanın hücum hazırlıqlarından Moskvanın öncədən xəbərdar olmamasının əsas səbəblərindən biri hakimiyyət daxilindəki çəkişmələr, daha doğrusu Ordu generallarının Putinə qarşı birləşməsi göstərilir.
Rusiya prezidenti Vladimir Putin yenidən dövlət başçısı seçildikdən sonra ordu rəhbərliyindən Təhlükəsizlik Şurasının hazırkı katibi Sergey Şoyqunu uzaqlaşdırdı və onun yerinə Andrey Belousovu gətirdi. Hələ Şoyqu müdafiə naziri postunu tərk etməmişdən öncə ordu rəhbərliyində bir sıra generalların həbsi əslində ona verilən siqnal idi və vəzifədən teziklə uzaqlaşdırılacağı məlum idi. Hətta yeni nazir təyin olunduqdan sonra da orduda həbslər davam etdirilərək, bir sıra generallar yenə əli qandallanaraq təcridxanaya göndərildi.
Putin bu işdə daha çox güvəndiyi FSB-dən istifadə elədi və gedişat FSB ilə Ordu generalları arealında qarşıdurmaya çevrildi.
O da sirr deyil ki, həbs olunan generallar keçmiş nazir Şoyquya yaxınlıqları ilə seçilirlər. Ümumiyyətlə Şoyqu vəzifədə olduğu dövrdə Ordu daxilində özünə topdağıtmaz şəbəkə qura bilib və hazırda da generalların əksəriyyəti onunla əlaqədədir. Ən başlıcası isə o da siyasi dairələrdə hər kəsə məlumdur ki, hazırkı baş qərargah rəisi Valeri Gerasimov da məhz Şoyqunu özünə ağsaqqal hesab edir. Yeri gəlmişkən, yaxın günlərdə Gerasimovun da həbs olunacağına dair məlumatlar yayılıb. Təsadüfi deyil ki, Kurskdakı uğursuzluq bəzi ekspertlər tərəfindən Ordu generaliteti üzərində təsir imkanlarını saxlayan Şoyqunun Putindən qisası kimi qiymətləndirilir.
FSB Ordu qarşıdurmasının fəsadları Kursk cəbhəsində özünü göstərir. Məğlubiyyətin arealının daha da genişlənəcəyi real ehtimal hesab olunur. Hətta belə versiya da irəli sürənlər var ki, qarşıdakı günlərdə Moskvada generalların qiyamı da ola bilər…
Görünür II Dünya müharibəsi dövründəki məşhur "Kursk savaşı" müharibənin demək olar ki, taleyini həll etdiyi kimi, budəfəki "Kursk" döyüşləri də tarixdə öz izini buraxacaq..
Daşqın Həsənov
Missiya.Az