İngiltərə mediası Rusiyanın “Sputnik V” peyvəndinin istehsal prosesi ilə bağlı sensassion məlumat yayıb.
Missiya.Az xəbər verir ki, “The Sun” qəzetində dərc olunan yazıda, Rusiyanın “Sputnik V”-ni istehsal etmək üçün İngiltərənin “AstraZeneca” peyvəndinin məlumatlarını oğurladığı qeyd edilib.
Xüsusi xidmət orqanlarının adının açıqlanmasını istəməyən əməkdaşı “The Sun” qəzetinin əməkdaşı ilə söhbətində deyib ki, “AstraZeneca” peyvəndinin istehsal prosesinə aid həyati əhəmiyyətli sənədlər xarici ölkənin vətəndaşı olan casus tərəfindən oğurlanıb.
İddia edilir ki, Rusiyanın “Sputnik V” peyvəndi İngiltərənin Oxford Universiteti tərəfindən istehsal olunan peyvəndə bənzər texnologiyaya uyğun istehsal olunub. Alimlər “AstraZeneca” peyvəndinin istehsal prosesinə aid sənədlərin oğurlandığına əmindirlər. İngiltərə mediası, bu iddianı qısa müddət ərzində sürətlə tirajlayıb.
Mühafizəkarlar partiyasından olan deputat Bob Seely ölkənin bir nömrəli gündəminə çevrilən xəbərlə bağlı danışarkən deyib ki, artıq Çin və Rusiyanın casusluq iddiaları barədə ciddi addımlar atılmalıdır.Kreml İngiltərə mediasında dərc olunan iddiaları yalanlayıb və məlumatların heç bir əsasının olmadığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ və Kanadanın peyvənd istehsalı aparan müəssisələri kiber hücumlara məruz qalmışdı. Bu kiber hücumların arxasında da Rusiyanın olduğu qeyd edilirdi. Elvin
Missiya.Az