AZ   |   RU
BANM Özbəkistana ali təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə ikili diplom proqramı layihələrin reallaşdırılmasına başlayıb.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın Buxara Mühəndislik-Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə keçirilən görüşdə bildirilib.


“Sözügedən əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb.


Bu xüsusda, BANM ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ödənişli ikili diplom proqramı ilə bağlı müqavilənin imzalanmasından məmnunluq ifadə edilib”, - məlumatda deyilir.


Sənədə əsasən, təhsilin birinci ilində Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilində BANM-də oxuyacaq tələbələrin diplom müdafiəsi BANM tərəfindən həyata keçiriləcək, yekunda onlar hər iki ali təhsil ocağının diplomunu əldə edəcəklər.


Qeyd edək ki, birgə həyata keçirilən layihələr və qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkədə rəqabətli insan kapitalının, habelə təhsil və elmi-tədqiqat sahələrinin inkişafına dəyərli töhfələr verəcəkdir.


İkili diplom proqramı ilə bağlı müvafiq qərar Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 2023-cü ilin iyulun 18-də Şuşa şəhərində keçirilən 12-ci iclası zamanı verildiyi və həmin tarixdə SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumda əksini tapıb.



  • 7-08-2024, 19:13