AZ   |   RU
Həddindən artıq yuxu istəyinin səbəbləri nədir? - AÇIQLAMA


Bəzən özümüzdə, yaxud da ətrafımızda olan insanlarda gün ərzində yuxuya meyillilik, bitkinlik müşahidə edirik. Lakin çox zaman buna “yorğunluqdandır” deyib keçirik. Mütəxəssislər isə aşırı yuxu istəyinin müəyyən xəstəlik əlamətlərindən də irəli gəldiyini söyləyirlər. Bunun düzgün həll yollarını bilməliyik.

Həkim – terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında bildirib ki, bəzi şəxslərin gün ərzində daim yuxulu və yorğun olmasına, az və narahat yatmasına müxtəlif hormonal müalicələr, dərmanların istifadəsi təsir göstərə bilər:

“Bundan başqa natamam qidalanma, səhv pəhrizlərlə yaranan vitamin, mineral defisiti və kalori defisiti, qan şəkərinin aşağı düşməsi, enerji ehtiyatının tükənməsinə səbəb olur. Nəticədə orqanizm gücünü saxlamaq üçün yuxuya meyillənir. Ona görə də ara-sıra sağlam çərəzlərdən yeyilməlidir. Düzgün balanslaşdırılmış qidalanma təmin edilməldir”.



Həkim – terapevtin sözlərinə görə gün ərzində davamlı yuxuya meylliliyin digər səbəblərinə stress, artıq çəki, piylənmə daxildir:

“Bu zaman ürək-damar sistemi, əzələlərdə həddindən artıq yüklənmə müşahidə olunur. Onla normadan artıq işləyir və tez yorulurlar. Bunun qarşısını almaq üçün bacardıqca çox gəzmək, iş arası fiziki hərəkət etmək və mütləq şəkildə artıq çəkidən azad olmaq gərəklidir. Habelə depressiya, davamlı və uzun müddətli stress zamanı da qanda adrenalin, kortizol kimi stress hormonları artır. Əzələlər yüklənir və beyin yorulur. Beyin də özünü qorumaq mexanizmini işə salır və yuxuya meyl edir. Açıq havada çox gəzmək lazımdır. O cümlədən mütəxəssisə də müraciət olunmalıdır. Onu da vurğulamaq yerinə düşər ki, şəkərli diabet, insulin dirənci, zob, qan azlığı, vitamin D defisiti, ürək çatışmazlığı kimi xəstəliklər vaxtı da həddindən artıq yuxu istəyir ola bilir. Həmin xəstəliklərin diaqnostikası elə çətin deyil. Əvvəlcə onlardan başlanılmalıdır. "Yorğunluq, yuxululuq" deyib keçməyək bütün bu simptompların səbəbləri araşdırılmalıdır”.


Zərintac Mayisqızı
Missiya.Az



  • 25-07-2024, 10:29