AZ   |   RU
Azərbaycan və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlıq müzakirə olunub - FOTOLAR

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə iyulun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.

Konstitusiya Məhkəməsindən Missiya.Az-a bildirilib ki, nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da xatirəsini yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azadlığı uğrunda həlak olmuş Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan–Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.

Sədr vurğulayıb ki, iki qardaş ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik qardaş ölkələrimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

Qeyd olunub ki, tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsində və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olması Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və heç zaman unudulmur. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda tam bərpa edilib və işğal altındakı torpaqlarımızın azad edilməsi həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasının təminatıdır.

Sədr diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Hər iki ölkənin Konstitusiya məhkəmələri də bu əməkdaşlığa öz töhfələrini verir. Azərbaycan və Türkiyə arasında olan sıx hüquqi əməkdaşlıq məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox vacibdir. Konstitusiya ədalət mühakiməsi orqanları arasındakı əməkdaşlıq həm ikitərəfli, həm Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY), həm də digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, o cümlədən hər iki məhkəmə arasında qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir. Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq mübadiləsi konstitusiya ədalət mühakiməsinin səmərəliliyini artıracaq, beynəlxalq səviyyədə isə məhkəmələrin bir çox məsələlər üzrə bir mövqedən çıxış etməsinə xidmət göstərəcək.

Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq təcrübəsinə toxunulub, hüquqi məsələlər müzakirə olunub.

Görüşdə hər iki tərəfdən Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış oldular.




  • 24-07-2024, 17:10