AZ   |   RU
Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır


1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.


1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.


“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.


Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.


1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. 


Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. 


“Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" – Prezident İlham Əliyev.


Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.


Vüsalə Məmmədova
Nizami rayonu 229 saylı tam orta məktəbin direktoru




  • 19-07-2024, 16:00