
Prezidentin Rabitə İdarəsi tərəfindən nəşr edilən “Azərbaycanın sirləri” kitabının müqəddiməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT HABER" məlumat yayıb.
Ərdoğan müqəddimədə vətəni Ergenekonda dəmir dağını əridən türkün əzminin Azərbaycanda Qarabağ zəfəri ilə təkrar ortaya çıxaraq taleyimizi bir daha dəyişdiyini vurğulayıb.
“Azərbaycanın sirləri” kitabında Türkiyə ilə Azərbaycanın qardaşlığı, Azərbaycan mədəniyyəti izah edilir.
Kitab “Türkiyə-Azərbaycan qardaşlığı”, “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısında ümumi mədəni miraslarımız”, “UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında Azərbaycan”, “UNESCO Dünya Mirası Siyahısında Azərbaycan”, “Azərbaycanın turizm məkanları” və “Şuşa” mövzularında altı fəsildən ibarətdir. Burada ölkələrimiz arasındakı qardaşlıq bağlarının tarixi kökləri, ölkələrimizin ortaq baxışı, fəaliyyəti və imzaladıqları müqavilələr, Qarabağ Zəfəri, Şuşa Bəyannaməsi, Ortaq Media Platformasının yaradılması, Azərbaycanın milli bayramları, xörəkləri, idman növləri, xalçaçılıq, simli alətlər, ipəkçilik kimi mədəniyyət nümunələri, Vətənimizin misilsiz təbiəti, tarixi abidələri barədə müxtəlif məqalələr toplanıb.
Zərintac Mayisqızı
Missiya.Az