AZ   |   RU
Tünzalə Ağayeva “İnklüziv ayı” layihəsinin bağlanış mərasimində iştirak edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST” Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunan “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib.



Missiya.Az xəbər verir ki, tədbirə ictimaiyyət nümayəndələri, tanınmışlar və jurnalistlər qatılıb.


Qonaqlar arasında, həmçinin, Xalq artisti Tünzalə Ağayeva da yer alıb. Pop ulduz “Mavi ürəklər” autizmli gənclərin xor qrupunun müşayiəti ilə “Fərqliyəm, sizdən biriyəm” mahnısını səsləndirib.


Qeyd edək ki, “Fərqliyəm” mahnısı Tünzalə Ağayevanın autizmli və digər fərqli məhdudiyyətlə yaşayan insanlara həsr etdiyi himndir. Mahnının sözləri Murad Arifə, musiqisi isə Xalq artistinin özünə məxsusdur.


T. Ağayeva fikirlərini şəxsi “İnstagram” hesabında bölüşüb: “Autizm və daun sindromlu vətəndaşların cəmiyyətin müxtəlif sahələrində işləməsi öncə özlərinə, eyni zamanda cəmiyyətə lazımdır. Dövrümüzün və daha da gələcəyin texnologiyasına məhz Autizmlilər yön verməkdədirlər, onlar həmişə üstün zəkadırlar”.


“İnklüzivlik ayı” layihəsinin əsas məqsədi autizm və daun sindromlu gənclərin, eləcə də görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi, korporativ sosial məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.





  • 12-07-2024, 21:10