Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının qətnamə layihəsi Dövlət Dumasına təqdim olunub.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV parlamentin aşağı palatasının bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda deyilir ki, Rusiya nümayəndə heyəti dəfələrlə ATƏT PA-nın rəhbər orqanlarının iclaslarında və işində bərabər şəkildə iştirak etmək imkanından məhrum edilib.
“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları əmindirlər ki, öz xalqının iradəsini və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştirakla bağlı məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir. İndiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanı yoxdur. Bu səbəbdən Rusiya parlamentinin nümayəndə heyəti ATƏT PA-da iştirakını müvəqqəti dayandırır”, - sənəddə deyilir.
Qeyd edək ki, rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb.
“Rusiya ayrı-seçkilik yanaşmalarının aradan qaldırılması şərtilə struktur daxilində işə qayıtmağa hazırdır”, - sənədin müəllifləri qeyd ediblər.
Qərar qəbul edildiyi gündən qüvvəyə minir.