AZ   |   RU
Sabiq deputat Ruhi Əliyevaya çağırış etdi: "Namizədliyinizi verin"


Bəri başdan deyim ki, Ruhi Əliyeva ilə heç bir tanışlığım yoxdur; nə yaxından, nə də ki, uzaqdan. Heç hansısa xeyir-şər məclisində də üz-üzə gəlməmişik. Sadəcə FB-dakı 5000 dostumdan biridir. Və əksəriyyət kimi fəaliyyətini də sosial şəbəkə və TV üzərindən izləyirəm.Yəni bu qədərində. Vəssalam.



***


İndi hardasa bir müsahibəsinə rast gəldim. Xanım deyir: "yazırlar ki, guya mən nə edirəmsə deputat olmaq üçün edirəm. O, adamlara deyirəm: rahat olun, deputat olmaq istəmirəm. Heç namizədliyimi də verməyəcəm. İndiyə qədər və bundan sonra nə etmişəmsə təmənnasız etmişəm". Sitatın sonu. 


***


İndi sual olunur "niyə də, niyə?". Niyə insanları bu qədər qısnayır, tıncıxdırır, iyrəndirirsiz? Bu xanım kimə pislik edib ki? Mən onun istər pandemiya, istərsə də Qarabağ savaşındakı fəaliyyətini görmüşəm. Bir vətənpərvər Azərbaycanlı-Türk xanımı olaraq əlindən gələni edib (özündən 100 qat imkanlı olanlardan fərqli olaraq). 


*** 


Ruhi Əliyeva nə edibsə zövqlə, peşəkarcasına edib. Görüntü xatirinə etməyib. Ona görə  də  belə bir xanımın deputat olmasını onun özü deyil, məhz biz istəməliyik. Biz ona təklif və təkid eləməliyik ki, namizədliyini versin. Əslində onun mandat alması özündən çox, onun seçicilərinə lazımdır. Adamın zatən heç nəyə ehtiyacı yoxdur.


***


Mən Milli Məclisin "mətbəxinə" bələd olan birisiyəm. Və ona görə də bu gün tam əminliklə deyə bilərəm ki, Ruhi Əliyeva bir vətəndaş olaraq orada əyləşən əksər xanım (o cümlədən də kişi) deputatlardan daha çox faydalı birisidir. Və onu da əminliklə deyirəm ki, bu gün rəhmətlik Qənirə Paşayevanın yerini qismən də olsa doldura biləcək ən layiqli namizəddir. Ona görə də niyə də olmasın. Bunun üçün də boş verin dedi-qoduları. Verin namizədliyinizi, Ruhi xanım. İnanıram ki, seçiciləriniz sizi dəstəkləyəcək. Uğurlar sizə.


Etibar Hüseynov




  • 27-06-2024, 22:34