İyunun 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa təşkil edilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev beynəlxalq münasibətlər sistemində gender bərabərliyinin vacib yer tutduğunu qeyd edib və Azərbaycan hökumətinin qadınların cəmiyyətin siyasi, iqtisadi və sosial həyatında iştirakına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva qadınların cəmiyyətdə və beynəlxalq müstəvidə rolunun daha geniş şəkildə təşviq edilməsinin Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının müdafiəsi baxımından önəm daşıdığını diqqətə çatdırıb. Həmçinin qadınların xarici siyasət məsələləri ilə bağlı beynəlxalq səviyyədə səmərəli iştirakını təbliğ etmək üçün ardıcıl fəaliyyətin aparılmasının əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Azərbaycan xanımlarının tarix boyu xalqımızın inkişafında mühüm rol oynadığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində bu istiqamətdə atılan addımların inqilabi əhəmiyyətə malik olduğunu bildirən H.Hüseynova beynəlxalq platformalarda qadınların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə uğurla çatdırılması və milli maraqlarımızın təmini istiqamətində fəal çıxış etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının artırılmasını Azərbaycan hökumətinin gündəliyində duran strateji məsələlərdən biri olduğunu qeyd edib: "Azərbaycan qadınlarının dövlət idarəçiliyi və qərar qəbuletmə orqanlarında təmsilçiliyi artır. Qadınlarımız beynəlxalq kürsülərdə ölkəmizi layiqli şəkildə təmsil edirlər”.
Xarici İşlər Nazirliyinin Humanitar və Sosial məsələlər idarəsi rəisinin müavini Şəfa Qasımova müasir dövrdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və hədəflər üzrə irəliləyişlərə mühüm töhfə verən bir amil kimi qiymətləndirib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova beynəlxalq təşkilatlar və platformalar çərçivəsində ölkəmizin tədqiqat, araşdırma və beyin mərkəzlərinin, eləcə də QHT nümayəndələrinin qadın əməkdaşlarının iştirak və təmsilçiliyi ətrafında fikirlərini bölüşüb, əldə edilmiş nailiyyətlər və mövcud çətinliklər haqqında danışıb.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva deyib: "ADA Universitetinin akademik heyətində təmsil edilən qadın və qızlar xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda fəal iştirak edirlər".
O, eləcə də “Beynəlxalq münasibətlər” ixtisası üzrə ADA universitetində təhsil prosesi ilə bağlı bir sıra statistik göstəricilər barədə məlumat verib və bu ixtisas üzrə tələbələr arasında qızların çoxluq təşkil etdiyini vurğulayıb.
Daha sonra dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilib.