AZ   |   RU
“Türkiyə dövləti və xalqı olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik” - Yücel Yalçınkaya

“Can Azərbaycanın Zəfər Tarixinin- Vətən Müharibəsinin başlanmasından bir il ötür. Azərbaycanın işğalçı Ermənistan tərəfindən 30 il əsarətdə qalan torpaqlarını qısa zaman kəsiyində-cəmi 44 gün müddətinə azad etməsi dünyanın hərb tarixinə yazılan və dünyada uzun zaman müzakirə olunan qürurverici bir hadisədir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Anadolu Birləşdirici və Sənayeçi İş Adamları Dərnəyinin qurucusu və sədri Yücel Yalçınkaya deyib. Y.Yalçınkaya bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin uzun müddət apardığı diplomatik savaş, Azərbaycanın iqtisadi inkişafı, eyni zamanda ordu quruculuğu müharibə başlayan andan etibarən Ermənistanla səviyyə fərqini ortaya qoydu: “Azərbaycan əsgərinin savaş meydanında göstərdiyi qəhramanlıqlar hamımızı, bütün Türkiyə xalqını və türk dünyasını qürurlandırdı”.

Y.Yalçınkaya “təbii ki, qardaş dövlət və xalq olaraq Azərbaycanın yanında olmalı idik və olduq”,- deyə diqqətə çatdırdı: “Savaş dönəmində ürəyimiz Azərbaycanla döyünürdü. Türkiyə dövləti qətiyyətlə Azərbaycanın yanında olduğunu bildirməklə qardaş ölkəmizə qarşı olan üçüncü dövlətlərə sərt mesajlar verdi. Bununla da digər ölkələrin Azərbaycana qarşı kiçik bir həmləsinə belə misli ilə cavab veriləcəyini konkret olaraq ortaya qoydu. Xüsuslə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyi Azərbaycanla yanaşı Türkiyə xalqının da ürəyincə oldu. Təbii ki, bu bizim qardaşlıq borcumuz idi. Biz Türkiyə dövləti və xalqı olaraq bundan sonra da qardaşlarımızın yanında olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türk Dünyası”.

  • 27-09-2021, 15:17