AZ   |   RU
İlham Əliyevin İqor Korotçenkoya verdiyi müsahibədən açılan əsrarəngiz mənzərə

Həmişə haqlı olmaq üstünlüyü
 
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsinin politoloji aspektdən hələ uzun müddət şərh olunacağı şübhəsizdir. 
 
Ümumiyyətlə İlham Əliyevin müsahibələri, açıqlamaları həmişə böyük diqqətlə qarşılanıb, yaxşı mənada rezonans doğurub, əsl həqiqətlərin gün üzünə çıxmasına səbəb olub. Bunun da əsasını səmimiyyət, dürüstlük, dərin siyasi düşünəcə, cəsarət və ən nəhayət həmişə haqlı olmaq təşkil edir. 
 
Bu dəfə də istisna olmadı. Azərbaycan Prezidenti Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində 44 günlük Vətən Müharibəsi ilə bağlı cox ciddi mətləblərə işıq salıb.
 
Müsahibəni oxuyaraq şərh edən şəxsin gözləri qarşısında Azərbaycanın haqq uğurunda şərəf müharibəsi, qələbəsi, bu qalibiyyətdən doğan gələcəyi aydınlığı ilə açılır. 
 
Bu mənzərəyə bir yerdə tamaşa edək, gördüklərimizin bacardığımız qədər izahına çalışaq.  Şərhimizə iki gündən sonra bir ili tamam olan və ölkəmizin tarixinə Anım Günü kimi düşən 27 sentyabr 2020-ci ildə gerçəkləşən əks-hücum əməliyyatlarından başlayaq. 
 
Sülh və müharibə siyasətinin paralelliyi tapıntıdır
 
Prezident deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub və bununla əlaqədar müvafiq əməliyyat planları hazırlanıb və yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara korrektələr edilib. Azərbaycanın sülh və savaş siyasətinin paralel aparılmasının nə qədər düzgün qərar olduğu təsdiqini tapır. O dövrdə bəzi qərəzli düşüncə sahibləri rəsmi Bakını konkret ya müharibə, ya sülh siyasəti yürütməyə sövq etmək istəyirdilər. İsbat olundu ki, yanlış mövqeymiş. Biz həmişə sülh istəmişik, bununla yanaşı düşmənimizi də yaxından tanımışıq. Onun nə qədər yalançı, məkrli olduğunu bilmişik. “İtlə dostluq elə, çomağını yerə qoyma” prinsipi özünü həmişə doğruldub. Ermənilər dəfələrlə sülh danışıqlarını pozub, ərazilərimizdə təxribatlar törədib, dinc sakinləri, ölkəsini qoruyan hərbçiləri qətlə yetiriblər. 28 il “belə olmaz” deyən Azərbaycan Tovuza hücum edən terrorçuları susdurmağa qalxandasa, haqqın diqtəsi ilə qələbəyə qədər getdi və bir addım da geri çəkilmədi. Sülh istəməyənə müharibə göstərərlər. Sülh istəyirsənsə, müharibəyə hazır ol tezisindən çıxış edərək, ordumuzun son dərəcə gücləndirilməsi, sonrakı mərhələlərdə yeni şərtlərə uyğun korrektələrin edilməsi nə qədər uzaqgörən siyasət yürüdüldüyünün təsdiqiydi. 
 
“Dəmir Yumruq” düşmənin başına harda, necə çaxıldı...
  
Bəli, hər il Azərbaycan büdcəsindən ən çox pul hərbi sahəyə ayrılırdı. Ordu ən modern silahlarla silahlanırdı, buna baxmayaraq, düşmənə “ağıllı olun, özünüzü bəlaya salacaqsınız” deməyi də unutmurduq. Rəsmi Bakı sülh danışıqlarına sadiqliyini nümayiş etdirəndə xalqın da  çağırışlarına diqqət kəsilirdi. Xalqsa erməni ilə zopa dilində danışmağın vacibliyini önə çəkirdi. Atəşkəs olmasına baxmayaraq evlərə şəhidlərin gəlməsi, ermənilərin dədə-baba yurdlarımızda sözün əsl mənasında at oynatmaları heysiyyatımıza toxunurdu. Həmişə ictimaiyyətin fikirini əsas götürən İlham Əliyev xalqı arzusuna çatdırdı. Elə ona görə də əks hücumların birinci günü bir neçə strateji ərazimizi işğaldan azad etdik. 44 gündə elə bir saat olmadı ki, Azərbaycan ordusu əməliyyatlardan məğlubiyyətlə çıxsın. Bizim Ordunun əks-hücum taktikası seçməsi və heç vaxt hərbi təcrübəsi olmayan qondarma Ermənistan dövlətinin müdafiə olunmaq əvəzinə hücuma üstünlük verməsi onların rəzil günə düşməsinə səbəb oldu. Prezident müsahibədə bu amili zərgər dəqiqliyi ilə vurğulayıb.
 
Əks-hücüm əməliyyatının niyə “Dəmir yumruq” adlandırılması da müsahibədə tam izah olunur. Planın korrektə hissəsinə aid məsələdir. Prezidentin hər sözü ölkəmiz üçün qaydaya çevrilir. Xalq-Prezident vəhdəti, qarşlıqlı anlaşması, “Dəmir yumruq” adını əbədiləşdirdi. İlham Əliyev müsahibədə deyir ki, onun işlətdiyi “Dəmir yumruq” ifadəsi ictimaiyyətin dilinə düşdüyündən müharibənin gedişat dövründə bütün əməliyyatların ümumi adına çevrildi. Nəhayət qələbə, nəhayət “Dəmir yumruğa” heykəl ucaldılması. Hər şey zərgər dəqiqliyi ilə həyata keçirildi.
 
Qələbəmiz sübut etdi: Azərbaycan 17 illik sülh danışıqlarının heç bir mərhələsində uduzmayıb
 
Səbəb çox sadədir: Azərbaycanda təkmil siyasi idarəetmə var. Ölkədə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət hökm sürür, daxili və xarici siyasət də düzgün formalaşıb. Müharibə dövründə demək olar ki, heç bir ölkə açıq formada Azərbaycanın əleyhinə çıxmadı. Bəzi təşkilatların xırda gileylərini nəzərə almasaq və böyük dövlətlərin əksəriyyətinin “Azərbaycan düz yoldadır” mənalı dəstəklərini xatırlatsaq, rəsmi Bakının nöqtə boyda da yanlışlığa yol vermədiyini görərik. Qalib gəlmək istəyən ölkənin iqtisadiyyatı güclü olmalıdır. Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi iqtisadi siyasətin uğurları, bunun davamı olaraq, güclü, müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması, qısa zamanda, çevik şəkildə bütün resursların səfərbər edilməsi, vahid məqsədə istiqamətləndirilməsi, Azərbaycanda xalq-iqtidar birliyi, milli həmrəylik möcüzə yaratdı. Pezident 17 il idi bu möcüzənin baş verəcəyi günə hazırlaşırdı. Səbr, təmkin, inam və sevgi Prezidenti qələbədən qələbəyə doğru apardı. Əslində Azərbaycan işğalda olan torpaq mövzusundakı danışıqların heç birində zərrə də uduzmamışdı. Vaxt ölkəmizin xeyrinə işləyirdi. “Mən nəyin nə vaxt həyata keçirilməli olduğunu hamıdan yaxşı bilirəm” söyləyən İlham Əliyev dediyinin ağası oldu, əlbəttə həmişəki kimi. 
 
Azərbaycan xalqı, beynəlxalq aləm, dünyanın hətta bütün ölkələri 44 günlük müharibə dövründə İlham Əliyev şəxsiyyətinin fenomenliyini dərk edib heyrətə gəldilər.  “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə bütün mətləblərə riyazi dəqiqliklə aydınlıq gətirməsindən bir daha bəlli olur ki, dünya yaxşı mənada heyrətə düşməyə bilməzdi. Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığı, güclü, dünya səviyyəli siyasətçi, mahir strateq olması, hərbi  əməliyyatlara şəxsən rəhbərlik etməsi, bütün məsələləri dəqiqəbədəqiqə və ən xırda detallarına kimi nəzarətdə saxlaması, müharibə dövründə çıxışları, təmkinli davranışı, xalqı və ordunu qələbəyə ruhlandırması, qələbə əzmi aşılamaq bacarığı qalaq-qalaq kitablara sığmayacaq səviyyədə bərq vuraraq Azərbaycan adlı ölkəni kainatın ən parlaq məkanına çevirdi. 30 ilin işğalına son qoymaq üçün başlanan prosesin tək və şəriksiz lideri olmağı İlham Əliyevin həm xalqın, həm də bütün dünyanın gözündə göyə qaldırdı. Əlçatmaz zirvəyə ucalan İlham Əliyev bir an da olsun, təmkinini itirmədi, eyforiyaya qapılamdı, təvəzökarlıqdan kənara çıxmadı. Hər bir əsgərin yanında oldu, hər bir şəhid ailəsini bağrına basdı. Bütün əməliyyatlar dövründə bir dəfə də olsun demədi ki, bu qələbəni mən qazanmışam, həmişə biz qazanmışıq dedi, ordunu, xalqı dəyərləndirdi. Düşmən dinc Azərbaycan əhalisinə qarşı qətliam törədəndə, müharibədən kənar şəhərlərimizi bombalayanda xalq çox hiddətlənmişdi, ordudan Ermənistanı yerlə yeksən etməyi istəyirdi. Prezident düşmənin heç bir təxribatına getmədi, humanitar hüququn tələblərinə riayət etdi müharibənin və coğrafi mühitin çətinliklərinə baxmayaraq, itkilərimizi minimallaşdırmağı bacardı.  Müsahibədə bu detallar da məharətlə izah olunur.
 
Ali Baş Komandan müharibənin gedişatında belə, qələbədən sonrakı addımları ölçüb biçibmiş
 
Prezident müsahibədə müharibənin mərhələlərindən söz açarkən qələbə ardıcıllığını sıralamaqla ordumuzun döyüşə necə hazırlaşdığını dəqiqliklə göstərir: düşmənin 30 il ərzində qurduğu müdafiə xətti, güclü və müasir istehkamları müharibənin ilk günü darmadağın edildi; Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı həyata keçirildi və Hadrut azad olundu, ilk şəhər kimi Cəbrayılın, onun ardınca Füzuli şəhərinin işğaldan qurtulması isə düşməni lərzəyə saldı. Ermənistanın baş naziri sözün əsl mənasında başını itirdi və barəsində aşağılayıcı lətifələr yaranmağa başladı. Ardından Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması; Zəngilana yolun açılması və qarşıdan gələn dövrdə ordunun irəliləməsi üçün əlverişli şərait yaradılması; Qubadlının azad olunması və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarətin təmin edilməsi düşmənin rəzil günə düşməsi ilə nəticələndi. 
 
Əməliyyatlar dünya hərb tarixində ilklərə imza atırdı. Şuşanın alınmaz qala olduğu barədə tarixdə xeyli faktlar var. Ermənistan 1992-ci ildə məhz təxribatlar, Azərbaycan daxilində yaşanan siyasi satqınlıqlar, AXCP-Müsavat hakimiyyətinin naşılığı, hərc-mərcliyi üzündən düşmənə təslim edilmişdi. Bu dəfə isə Şuşanı qanımızla, canımızla geri qaytardıq. 
 
Şuşa əməliyyatı müharibənin tacı oldu, bu əməliyyatın uğurla həyata keçirilməsi üçün bütün maddi və mənəvi resurslar səfərbər edildi, əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi göstərildi, düşmənin son müqaviməti də sındırıldı və onlar kapitulasiya aktı imzalamağa məcbur oldular. Azərbaycanı qələbəyə çatdıran əsgərlərin Şuşa qayalıqlarındakı ayaq izlərindən açılan müqəddəs iz Prezidentin təşəbbüsü ilə “Zəfər yolu”-na çevrildi. Ali Baş Komandan müharibənin gedişatında belə, qələbədən sonrakı addımları ölçüb biçibmiş. “Qənimətlər parkı”, “8 noyabr” metrostansiyası, “Dəmir yumruq” abidəsi, “İstiqlaliyyət muzeyi”, azad olunan yurdların sürətlə minalardan təmizlənməsi,  aparılan tikinti-quruculuq işləri bir daha sübut edir ki, Prezident İlham Əliyev dünya səviyyəsində 1 nömrəli sərkərdə kimi tarix yazdı. 
 
Müharibəyə başlamamışdan öncə ermənilərin təxribatları, terrorçu hərəkətləri barədə dünya ictimaiyyətinə dəfələrlə xəbərdarlıq xarakterli məlumatlar verən, açıq mətnlə Ermənistanı cəzalandıracağımızı söyləyən İlham Əliyev informasiya sahəsində böyük üstünlük qazanmış oldu. Müharibədən əvvəlki, müharibə dövründə və müharibədən sonra müxtəlif xarici media orqanlarına verdiyi müsahibələrdə Azərbaycanı informasiya cəhətdən möhkəmləndirən Prezident Ermənistanın Baş naziri ilə debatlarda da dəmir məntiqlə dəqiq fikir zərbələri endirir, Azərbaycanın mövqeyini çatdırır, müasir diplomatiyanın ən bariz nümunəsini təqdim edirdi. Bunun müqabilində özünü itirmiş, olduqca zəif, ciddi siyasi səhvlərə yol verən Ermənistan baş nazirinin iflasının təməli qoyulurdu. Müharibə ərəfəsində dünyanın ən məşhur 30 telekanalına müsahibə verən İlham Əliyevin müsahibələri dünya mediasına “master klass” kimi təqdim olunurdu. Azərbaycan Prezidenti ermənilərin yalançı və həyasız təbliğatının beynəlxalq ictimaiyyəti onilliklərlə zəhərləməsinə də son qoydu. Dünyanın gözü açıldı və kimin kim olduğunu gördülər. ABŞ, Almaniya, Fransa və Avropanın bir çox media orqanları və təşkilatları erməni lobbisinin təsiri altında Azərbaycana qarşı ədalətsiz və qərəzli kampaniyanın fəal iştirakçılarına çevrilmişdilər. Prezidentin danılmaz həqiqətləri ustalıqla söyləməsi yalançı təbliğata düçar olanları da birtərəfli və qərəzli informasiya məngənəsindən qurtarmış oldu. 
 
XXl əsrin müharibəsinə tam nümunə olan bir savaş yaşadıq
 
Azərbaycan Vətən müharibəsini də özünün adına, haqlı mövqeyinə uyğun apardı. XXl əsrin müharibəsinə tam nümunə olan bir savaş gördük. Bu savaş eksklüzivliyi ilə dünyada böyük əks-səda doğurdu. Əməliyyatların hərb dərslilərinə düşəcəyi ilə bağlı Prezidentin əminliklə söylədiyi artıq dəqiqləşdi. Azərbaycan təhsilində “Zəfər” tarixi fənni yaradılıb, xarici qonaqlar hərbi əməliyyatların orijinallığına dəfələrlə diqqət çəkiblər. Müharibədə Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsi, hərbi əməliyyatların yüksək peşəkarlıqla idarə olunması və yerinə yetirilməsi, pilotsuz uçuş aparatlarının tətbiqi nəticəsində insan itkisinin yarıdan da çox azaldılması dünyanın aparıcı hərbi mərkəzləri və ekspertləri tərəfindən yüksək qiymətləndirildi. Xarici uiversitetlərdə Azərbaycanın 44 günlük müharibədə göstərdiyi hərbi şücaətinin sirrlərinin öyrənilməsi ilə bağlı xəbərlər oxuyuruq.  
 
Müharibədə dronların oynadığı rol da xüsusi qeyd olunmalıdr. Dronlar vasitəsilə çoxlu sayda düşmən texnikası məhv edildi, qorxuya düşən düşmən silah-sursatı qoyub qaçdı və onlar bizim hərbi qənimətimiz oldu. 
 
Azərbaycan müharibədə düşmənin məhz ərazilərimizə soxulduğu hərbçiləri hədəf götürdü. Ordumuz ermənilər tərəfdən olan mülki əhaliyə qarşı silah işlətmədi. Müasir texnologiyaların köməyi ilə yalnız hərbçilər atəşə məruz qaldılar.  Düşmən daş atıb başını tuturdu ki, əməliyyatlarda 30-a yaxın mülki şəxs ölüb. Elə bu faktın özü ortaya haqlı sual çıxarır: mülkinin hərb meydanında nə işi qalıb. Məlum oldu ki, həmin insanlar düşmən döyüşçülərinə qoşulub, bu və ya digər dərəcədə əsgərlərimizə qarşı hücumlarda iştirak ediblər. 
  
Xüsusi təyinatlıların heç vaxt pozulmayacaq mübarək  rolu 
 
Azərbaycanın döyüşçüləri təbii ki, heç vaxt unudulmayacaq tarix yazdılar. Xüsusi təyinatlıların peşəkarlığı, şücaəti, qəhrəmanlığı, vətənpərvərliyi isə qələbəyə çatmağımızda mühüm rola malik oldu. İlham Əliyev müsahibsində bu amilə diqqət çəkərək Azərbaycan insanının çox güclü daxili potensiala, Vətən sevgisinə mənsub olduğuna bir daha diqqət çəkdi. Bəli, “Vətən üçün canımızdan keçərik” deyənlər, elə canlarından keçdilər də. 
Mürəkkəb təbii şəraitdə an ağır və ağlasığmaz əməliyyatların məharətlə yerinə yetirilməsini bacaran xüsusi təyinatlılar nəinki ölkəmizin, bütün türk dünyasının başını ucaltdılar. Azərbaycanda Müdafiə Nazirliyi, Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti, Hərbi Dəniz Qüvvələrinin və s. orqanların tərkibində fəaliyyət göstərən xüsusi təyinatlıların fəaliyyətinin əlaqələndirilməsi və peşəkarlıqla idarə olunması min illər sonra da haqqında heyrətlə danışılacaq mövzuya çevrilib.  

Prezident müsahibəsində ermənilərin sinizmin pik nöqtəsinə çatdığını etiva edən faktlara da toxunub. Bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini, dinc əhalini hədəfə götürməsi, Gəncə, Bərdə, Tərtər və digər rayonları ağır silahlar, raketlərlə vurmasının hərbi və insanlıq əleyhinə cinayət olması, Ermənistan rəhbəliyinin bunu inkar etməsi əsl sinizm nümunəsidir. Həmin viran qalan əraziləri ziyarət edən elə bir xarici vətəndaş, yaxud təşkilat olmadı ki, erməni vəhşiliyinə açıq nifrətini büruzə verməsin. Müharibə kimin ədalətli müharibə apardığını, kimin isə məqsədə çatmaq üçün ən alçaq və rəzil üsullardan istifadə etdiyini aydın göstərdi. Ermənistan dinc əhalini hədəfə götürməklə Azərbaycan cəmiyyətində qorxu, xof yaradacağını düşünsə də, yanıldı. Ermənistan tərəfinin Azərbaycan xalqının vətənpərvərliyini, dəyanətini, mərdliyini, Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirə bilmədi. Əlbəttə Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilib, beynəlxalq tribunala müraciət etmək mümkündür. Sadəcə bu strukturun siyasiləşdiyini, siyasi maraqlara xidmət etdiyini, erməni lobbisinin təsir imkanlarından kənarda qalmayacağını bilirik. Buna baxmayaraq, bütün imkanlardan istifadə edərək hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasına çalışacağıq. Ölkəmizin başçısı Azərbaycanın azərbaycanlının zərrə qədər də olsun haqqının tapdanmasına heç vaxt imkan verməyib. Ermənilər törətdikləri bütün növ vəhşiliklərinə görə mütləq haqq divanına çəkiləcək. Bizim Prezident deyibsə edib, dedisə edəcək.
 
Azərbaycan tək müharibə meydanında yox, bütün meydanlarda qalibdir. Düşmən bizim ərazilərimizdəki mədəni-maddi sərvətimizə böyük ziyan vurub, yurdlarımızı yerlə-yeksan edib. Bizə dəyən ziyan son damlasına qədər hesablanır. Prezident müsahibədə bu məqamdan söz açaraq, ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərib, milli sərvətlərimizin talan olunmasında iştirak etmiş şirkətlərin də məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüldüyünü deyib. Belə də olmalıdır. Bu 30 ildə şəxsən birinci şəxs həmin şirkətlərə dəfələrlə xəbərdarlıq etdi. Onların hərəkətinin heç bir çərçivəyə sığımadığını dedi. Bu da son nəticə, indi cavab verəcəklər. 
 
Ermənistan İlham Əliyevin çağırışına əməl etsəydi, rəzil günə düşməzdi
 
Azərbaycanın möhtəşəm nəticəli Vətən müharibəsinin hər günündə Ali baş Komandan düşmənə çatdırırdı ki, əgər onlar ərazilərimizi tam tərk etsələr, əməliyyatları saxlaya bilərik. Bədbəxtlər bu çağırışın mahiyyətini anlamadılar və sonda 10 noyabr 2020-ci ildə kapitulyasiyaya imza atmağa məcbur oldular. 
 
Ermənistanın Qərbdəki dostlarının ona yardım edəcəyinə güvənməsi də ən böyük səhvlərindən biri idi. Geosiyasi izolyasiya vəziyyətinə düşən ermənilər sözün əsl mənasında başlarını itirdilər. Hətta o dərəcədə itirdilər ki, Paşinyanın kapitulyasiya sənədinə harda, necə imza atması da qeyri-müəyyən qalıb. O, 10 noyabr bəyanatı ilə razılaşdı, amma xəcalətindən ona hansısa gizlin küncdə imza atdı, bəlkə də hələ də imza atmağa cəsarəti çatmayıb. 
 
Azərbaycanın keçirdiyi hərbi paradın tarixi əhəmiyyəti
 
Nəhayət qələbə. Qalib Azərbaycanın keçirdiyi Hərbi parad dünyanın gözlərini ölkəmizə zillədi. Düşməndən götürdüyümüz qənimətlərdən ibarət parkın yaranması isə gələcək nəsillərə bariz tarixi nümunə, məkrli düşünən qüvvələrə də mesajdır.  
 
Yəqin xatırlayırsız. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı paradda Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının qaldırılacağı ilə bağlı fikirlər səsləndirdi. İki il sonra o fikirlər əməli gerçəyinə qovuşdu. Müdriklik budur. 
 
İşağladan azad olunan yurdlar gözəlləşdirilir 
 
Azərbaycanın köçkün və qaçqınları böyük qayıdışa hazırlaşır. Azad olunan ərazilərdə sürətlə tikinti-quruculuq işləri aparılır. Füzulidə beynəlxalq hava limanının tikintisi demək olar başa çatıb, sınaq uçuşlar da keçirilib. Zəngilanda ağıllı kənd layihəsi uğurla davam etdirilir. Azad olunan rayonların xeyli hissəsi elektrik enerjisi, mobil xidmətlərlə təmin olunublar. 2021-ci ilin sonuna kimi işğaldan azad olunmuş bütün ərazilərin elektrik enerjisi olacaq, avtomobil yolları salınacaq. Bütün bu işlərə 1.3 milyard dollar vəsait ayrılıb ki, həmin vəsaitlə çox böyük işlər görmək mümkündür. 
Ağdam və Şuşa  şəhərlərinin baş planı artıq təsdiq olunub və müvafiq işlərə başlanılıb. Şuşada və Ağdamda müasir binaların tikilir, məsçidlər tam bərpa olunur digər ərazilərimizdə kənd təsərrüfat xarakterli işlər görülür. Qısa müddət ərzində böyük uğurlar qazanmağımız onu deməyə əsas verir ki, heç beş il keçməz, düşmənin cəhənnəmə çevirdiyi cənnət Qarabağ əvvəlkindən də gözəl görünüşə malik olar. 
 
Azərbaycanın ən böyük problemi minalanmış sahələrin təmizlənməsi və Ermənistanın xəritələri verməsidir. Bu istiqamətdə qəti addımlar atılır. Hər gün yüz hektarlarla ərazinin minalardan təmizləndiyi xəbəri yayılır. 
 
Rəsmi Bakı həmişə gələcəyə hesablanan siyasət yürüdüb. Müharibə başa çatıb. Artıq Cənubi Qafqazda sülh prosesinin perspektivləri müzakirə olunur. Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiya və delimitasiyasına, sülh müqaviləsi üzərində iş aparılmasına tam hazırdır. Prezident şəxsən dəfələrlə bəyan edib ki, Emənistanın regional layihələrə qoşulması Yerevanın iqtisadi blokadadan çıxmasına, uçurumun kənarından uzaqlaşmasına təkan olacaq. Azərbaycan birmənalı lider dövlətə çevrilib. Bizim inkişafımıza heç nə əngəl ola bilməz. Diqtə edən tərəf bizik, Ermənistan xəstə iddialarından əl çəkməsə, Dağlıq Qarabağın statusu məsələsnin yenidən qaldırılması iddiasından kənarlaşmasa, özünü lap ağır günə salacaq, Azərbaycan tərəfdən sərt şəkildə adekvat cavab alacaq. 
Ermənistan müharibənin acı dərslərindən nəticə çıxarmalı, geosiyasi reallığı, qüvvələr nisbətini, öz perspektivlərini düzgün qiymətləndirməli, illyuziyalara qapılmamalı və Azərbaycanın hazırda irəli sürdüyü təşəbbüslərlə razılaşmalıdır. İlham Əliyev müsahibəsində hazırki situasiyanı bir daha səlis dillə izah edib, prosesin bütün nöqtələrinə qədər Azərbaycanın xeyrinə, Ermənistanın ziyanına olduğunu göstərib. Ancaq Ermənistan bu ziyanın yarısından da geri dönə bilər. 
 
Heydər Əliyev Fondunun Qarabağdakı irsimizə söykənən fəaliyyəti 
 
Azərbaycan daim milliliyi, tarixi köklərə bağlılığı, dəyərlərə sadiqliyi ilə seçilib. Xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasında Heydər Əliyev Fondunun böyük rolu var. Səhiyyə, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə görülən müsbət işlərdə hörmətli birinci xanım Mehriban Əliyevanın dəsti-xətti anındaca sezilir. Hansı mədəni, hümanitar, mənəvi sahədə inkişaf varsa, kiçik araşdırmadan sonra aydın olur ki, bu işdə Mehriban Əliyevanın imzası var.   Bu mötəbər imza Qarabağda da öz sözünü deyir. Şuşada keçirilmiş “Xarı Bülbül” festivalı, Vaqif poeziya günləri, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası məhz Heydər Əliyev Fondunun dəstəyi, nəzarəti ilə gerçəkləşir. 
 
Rusiya Azərbaycanın hansı yüksək səviyyədə olduöunu dərk edir 
 
Azərbaycan 220 müstəqil dövlətin içərisində gənc ölkə hesab olunur, ancaq gördüyü işlər, nüfuzu, birinci şəxsin xarakteri ölkəmizi ən uca zirvəyə qaldırıb. 
Rəsmi Bakı ölkələrlə dostluq münasibətinə daim sadiqdir. Məsələn, Rusiya və Azərbaycan arasında demək olar heç vaxt anlaşılmazlıq olmayıb. Qarabağın işğaldan azad olunması uğurunda apardığımız müharibə zamanı Rusiyanın tutduğu mövqe tam obyektiv oldu. 
Rusiyanın Azərbaycana dost ölkə olması, ikitərəfli münasibətlərin dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad, maraq və dəstək prinsipləri üzərində qurulması, hazırki dövrdə ikitərəli əlaqələrin yeni keyfiyyət mərhələsinə qədəm qoyması danılmaz faktdır. Hər bir ölkə onun yanında güclü, haqlı bir ölkənin olmasını istəyər. Rusiya Azərbaycanın yüksək səviyyəsini özü üçün təsdiqləyib. Bununla yanaşı, hər iki ölkənin prezidentləri arasında qarşılıqlı etimada, dərin hörmətə söykənən münasibət var. Tərəflərin bir-birinə qarşı göstərdiyi səmimi münasibətə demək olar ki, heç vaxt xələl gəlməyib. Bu isə hər iki tərəfin marağına tam xidmət edir. 
 
Ceyhun Musaoğlu 
Rupor.Az



  • 27-09-2021, 10:01