Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Tacikistan dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdən və sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış ediblər.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.
Tacikistan prezidentinin ölkəmizə növbəti səfəri iki qardaş və dost ölkənin qarşılıqlı münasibətlərinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.Tacikistan prezidentinin ölkəmizə səfərini böyük şərəf olduğunu bildirən Prezident İlham Əliyev bildirib ki, “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır”.
Səfər çərçivəsində münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Həmçinin Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb.
Azərbaycanda keçirilən Tacikistan Mədəniyyət Günlərini qeyd edən ölkə başçısı qeyd edib ki, “Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir”.
Tacikistan Azərbaycan münasibətlərini xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, “Əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”.
Yusif Əliyev
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı