AZ   |   RU
Bakıda məktəbli müəllim və şagirdlər tərəfindən bullinqə məruz qalır - İDDİA


Tez-tez məktəblilərin bullinqə məruz qalması ilə bağlı xəbərlər yayılır. Nə qədər işıqlandırılsa da, mübarizə aparılsa da bu cür mənfi xəbərlər yenə də eşidirik. Belə bir hadisədən şikayətçi olan valideyn Ayla Faruk saytımıza müraciət edib. Övladı Masazır kənd 5 nömrəli məktəbin 6-cı sinif şagirdi Ömər Farukun müəllimləri və məktəb yoldaşları tərəfindən ayrı-seçkiliyə məruz qaldığını iddia edir.

Aylar Farukun sözlərinə görə, sözügedən təhsil ocağında demək olar ki, hər kəs övladını aşağılayır:

“Buna əsasən müəllimlər şərait yaradır. Uşağın psixologiyasını korlayıb, lağa qoyurlar. Sonra türkiyəli olmasını eyibmiş kimi üzünə vururlar, anlamıram. Onun dərisinin rənginə görə də gah “neqr” (qaradərili), gah pakistanlı söyləyirlər. Sinif yoldaşları Ömərə hücum çəkir, onu döyür və çantasını yerə atırlar. Müəllimlər də buna nəzarət etmir. Direktora bununla bağlı yaxınlaşsam da dinləmir və övladımı məktəbdən qovmaqla təhdid edir. Son 2-3 gün olar ki, məktəbli yoldaşları Öməri elə möhkəm vuraraq yerə yıxıblar ki, qaçıb evə gəldi. Müəllimlərinin heç xəbəri yox idi ki, o haradadır. Zəng edib məndən soruşurlar, onlar bəs nə işə baxır? Uşaq tək başına avtobusla dərs saatında evə gəldi”.

Ayla Faruk əlavə edib ki, məktəb rəhbərliyi uşağın üst-başını dağılmış vəziyyətdə görsələr də günahı övladımın boynuna atırlar.

Məsələ ilə bağlı Masazır kənd 5 nömrəli məktəblə də əlaqə saxladıq. Həmin məktəbin direktor müavini Aytəkin Musayevə bildirdi ki, məlumat yanlışdır. Sözügedən şagirdin dərsdən yayındığını, əksinə onun sinif yoldaşlarını döydüyünü qeyd etdi. Problemlə bağlı məktəbin aidiyyəti qurumlara müraciət etdiklərini söylədi. Direktor müavini “Psixoloqlar məktəblilərlə mütəmadi danışıqlar aparırlarmı?” sualımızdan isə yayındı.

Zərintac Mayisqızı
Missiya.Az




  • 23-05-2024, 14:58