AZ   |   RU
Həftəsonu hava necə olacaq? - AÇIQLAMA


May ayında ölkə ərazisində havanın temperaturu günbəgün artır. İqlim dəyişmələrinin təsiri digər aylarda olduğu kimi, may ayında da ölkə ərazisindən yan keçmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçib. May ayında ilin fəslinə uyğun isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacağı ehtimal olunur. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu daha maraqlı olur. Bəs görəsən bu həftəsonu bizi necə hava gözləyir?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, mayın 2-si səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək, 5-dək fasilələrlə yağıntılı olacaq:

“Ayrı-ayrı yerlərdə, xüsusilə də Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax, Gəncə, Balakən, Şəki, Quba, Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara zonalarında yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağıntıların sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir 23-28m/s-də güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcəlik aşağı enəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara zonasının bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir. Bakıda və Abşeron yarımadasında da mayın 3-ü gündüzə qədər küləkli hava şəraiti davam edəcək. Küləyin maksimal sürəti 15-20 m/s, yarımadanın bəzi yerlərində isə arabir 23-28 m/s olacaq”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 2-05-2024, 15:26