AZ   |   RU
Yeniyetməlik dövründə aqressivləşən uşaqlara necə davranmalıyıq? – AÇIQLAMA


Yeniyetməlik uşaqlıq və yetkinlik arasında baş verən əhəmiyyətli fiziki, psixoloji və sosial inkişaf dövrüdür. Balacaların əksəriyyəti həmin dövrə qədəm qoyarkən müxtəlif səbəblərdən aqressivləşməyə başlayırlar, bu mərhələni çətin şəkildə keçirirlər. Valideynlərin çoxu da övladlarına düzgün münasibət göstərə bilmədikləri üçün daha mənfi nəticələr əmələ gəlir. Bəs səbəb nədir? Niyə bəzi uşaqlar yeniyetməliyə keçid edərkən əsəbi olurlar, hər şeydən qıcıqlanırlar? Bütün bunları necə aradan qaldırmaq olar?

Məsələ ilə bağlı psixoloq Gövhər Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, hər hansı bir gülü yetişdirəndə ona vaxtlı-vaxtında qulluq göstəririksə, lazımlı vitaminləri, suyunu veririksə istədiyimiz kimi yetişir. Əslində uşaq da belədir:

“Biz onların hər yaş dövrünə uyğun olan şeyləri ediriksə, o zaman çox çətinlik yaşamayacağıq. Yox əgər ana-ata övladlarına düzgün qaydada davranırsa, aqressiya hormonal problemlərdən qaynaqlanır. Bədəndə baş verən hormonların tarazlığı pozulur yeniyetmədə qıcıqlanma halları artır, sinirlərin aktivliyi müşahidə olunur. Əlbəttə bu dövrdə də uyğun şəkildə yanaşsaq, bacardığımız qədər səbirli, təmkinli davransaq, uşaq da bu mərhələnin normal şəkildə öhdəsindən gələ biləcək. Bu periodda da onun yanında olmağımıza icazə verəcək. Onunla inadlaşsaq, qıcıqlandığı şeylərə tərs reaksiya versək, anlamasaq övladımız da onu başa düşmədiyimizi hiss edəcək. Nəticədə həmin yolu tək, öz doğruları ilə əsəb və qıcıqları ilə addımlamağa çalışacaq. Onda nə baş verir? Daha aqressiv, çətin bir uşağa çevrilir. Valideynlərini də dinləmir, uzaqlaşır”.



Psixoloq vurğulayıb ki, xüsusilə 6 yaşa qədər uşaqlarda daha çətin bir dövr müşahidə edilir:

“İstənilən dövrdə fərqi yoxdur uşaq əsəbidir, ya da normaldır. Bütün zamanlarda onlara məhəbbətimizi, sevgimizi göstərməliyik. Bunu içimizdə saxlamayaq ki, övladımız da bizə, sevgimizə inansın. Heç bir yolla alınmırsa professional dəstək almaq məsləhət görülür”.

Zərintac Mayisqızı
Missiya.Az






  • 2-05-2024, 10:55