AZ   |   RU
Gorus meri: "Sakinlər bu yoldan qorxu içində keçir, təhlükəsizliyimiz təhdid altındadır"

Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Zəngəzur bölgəsində yaşayan əhalidə ciddi psixoloji gərginlik yaradıb. 

Missiya.Az
xəbər verir ki, Gorus rayon Bardzravan kəndinin meri Onik Avaqyan yoldan hər gün istifadə edən yerli əhalinin psixoloji vəziyyətindən danışıb. 

O, Ermənistanın 168.am saytının əməkdaşı ilə söhbətində bildirib ki, bölgədə yaşayan əhali Gorus-Qafan yolunun Azərbaycan hərbçilərinin nəzarətində olan hissəsindən keçəndə həyacan keçirir. 

Sitat: “O yoldan hər gün keçməli olan sakinlərə gəldikdə deyə bilərəm ki, onlar böyük qorxu yaşayır. Əvvəl yolda yalnız bir post qurulmuşdu. Onlar yoldan kənarda dayanırdılar. İndi isə yolda dayanırlar. Biz ordan keçəndə çox narahat oluruq”, - sitatın sonu. 

Merin sözlərinə görə, Azərbaycan hərbçiləri İranın yük maşınlarını saxlasa da, yerlilərin yoldan hərəkətinə heç bir müdaxilə etmir. 

Sitat: “Azərbaycanın 25-27 avqust tarixlərindən bağlanan Gorus-Qafan yolunda keçid məntəqəsi qurması nəticəsində Bərdzravan kəndi mühasirəyə alınıb. Artıq bir neçə gündür ki, düşmən Zəngəzur bölgəsindəki Vorotan yolunda bir polis yolxama məntəqəsi qurub. İranın yük maşınlarından ödəniş (dövlət rüsumu – red.) alınır. Mən dünən həmin yoldan keçdim. Məni saxlamadılar. Sadəcə əllə göstərik verdilər ki, tez keçin. Amma bizim arxamızca gələn İranın yük maşınlarını saxlayırdılar”, - sitatın sonu.  

Onik Avaqyan bildirib ki, hazırda baş verənlər Ermənistanın təhlükəsizliyi üçün böyük təhdiddir. 

Sitat: "Düşünürəm ki, bu yalnız başlanğıcdır, gələcəkdə düşmən daha macəralı olacaq. Bizim üçün çəkmək istədikləri alternativ yol problemin həlli deyil. Bu yol müharibə zamanı insanların evakusiya edilməsi və başqa məqsədlər üçün yararlı ola bilər. Amma bizim alternativ yox, əsas yolumuz olmalıdır", - sitatın sonu. 

Xatırladaq ki, mayın 12-də Azərbaycan hərbçiləri Ermənistanla dövlət sərhəddinin müəyyənləşdirilməsi prosesinə uyğun olaraq, Zəngəzur və Basarkeçər bölgələrində sərhəddi önə çəkib. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin əvvəlki mövqelərinə qayıtması üçün danışıqlar aparsa da, heç bir nəticə olmayıb. 

Yeni sərhəd xəttinə görə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə verilib. Ermənistanın baş naziri Nikol Paşinyan yolun 21 kilometrlik hissəsinin Azərbaycan  ərazindən keçdiyini təsdiqləyib. 

Elvin
Missiya.Az


  • 15-09-2021, 17:58