AZ   |   RU
“Bütün bu işlər təkbaşına, xarici yardımlar olmadan öz vəsaitimizlə edilir” - Musa Qasımlı

“Torpaqlarımızın düşmən tapdağından xilas edilməsindən, çibanın kökündən kəsilib atılmasından qısa müddət keçməsinə, başlıca diqqətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə yönəldilməsinə baxmayaraq, ölkəmizin hər yerində geniş tikinti-quruculuq işlər gedir”. 


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. 


O, bildirib ki, bunun daha bir nümunəsi Prezident cənab İlham Əliyevin bir neçə rayonda obyektləri açması və yenilərinin təməlini qoymasıdır: “Hacıqabul rayonunda yenidən qurulacaq və adından Yuxarı sözü çıxarılmış Şirvan su kanalının təməlinin qoyulması bir neçə baxımdan əhəmiyyətlidir. Birincisi, bu kanal istifadəyə verildikdən sonra ölkəmizdə kənd təsərrüfatının intensiv və ekstensiv inkişafı genişlənəcək, şəxsi təsərrüfatlar canlanacaq, məşğulluq artacaq və vətəndaşların rifah halı yaxşılaşacaq. İkincisi, ölkəmizin iqtisadiyyatının neftdən asılılığı azalacaq və qeyri-neft sektorunun çəkisi artacaqdır. Azərbaycan xarici bazarlara daha geniş çıxa biləcək və ölkəyə əlavə vəsaitlər daxil olacaq. 


Cənab Prezident çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması, suvarma və içməli su kimi istifadəsinə dair planlarının olmasını söyləməsi dövlətimizin iqlim dəyişikliklərinə indidən hazır olduğunu göstərir.


Həm də unutmayaq ki, bütün bu işlər təkbaşına, xarici yardımlar olmadan öz vəsaitimizlə edilir. Deməli, indiyədək yürüdülən siyasət də düzgündür”.


Missiya.Az



  • 17-04-2024, 14:34