Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Pakistanın Baş naziri Şahbaz Şərif, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışıqları olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Prezident İlham Əliyev danışıq zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Daha sonra Prezident Ərdoğanın Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.
Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı İsrail-Fələstin qarşıdurması ilə bağlı da fikir mübadiləsi aparılıb. Türkiyə Prezidenti İsrail ilə Fələstin arasında təcili atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımların lazımi miqdarda çatdırılması istiqamətində səylərin artaraq davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sonra Türkiyə dövlətinin başçısı ilə İraqın Prezidenti Əbdüllətif Camal Rəşid arasında telefon danışığı olub. İki lider Türkiyə ilə İraq arasındakı əlaqələr, terrorla mübarizə, İnkişaf Yolu Layihəsi və regional məsələləri müzakirə ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutan telefon danışığı zamanı qlobal və regional məsələlər, həmçinin Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin nümunəvi xarakter daşıdığını və qarşıdakı dövrdə bu münasibətləri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.
Türkiyə Prezidenti həmsöhbətlərini Ramazan bayramı münasibətilə təbrik edib, xalqlara firavanlıq arzularını çatdırıb.