AZ   |   RU
Uşaqlara kalsium nə zaman verilməlidir?

 

Son zamanlar 1 yaşına kimi körpəyə kalsium preparatı verməyi özlərinə borc bilən valideynlərə tez-tez rast gəlirik. Təbii ki, bu preparatın xeyirləri olduğu kimi, zərərləri də olur. Bəs görəsən, bunun uşaq orqanizmi üçün nə kimi zərərləri var? 


Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən pediatr Aytən Bağırova bildirib ki, ilk yaşlarda körpələr südəmər dövrdə olduğu üçün çox miqdarda kalsium alırlar:


“Önəmli olan isə bu kalsiumun körpəyə normal mübadiləsini təmin edən vitamin D damlasını profilaktik olaraq ilk 3 il körpəyə verməkdir. Həkimlə məsləhətləşmədən istifadə edilən kalsium preparatlarının qəbulu zamanı orqanizm dərmanla gələn artıq kalsiumu ürək və beyin damarlarında depolamağa çalışır. Bu da damarlarda kirəcləşmə və sərtləşməyə səbəb olur ,bağırsaqların fəaliyyəti pozulur ,uşaqlarda qəbzlik yaranır, ən əsas böyrəklərin fəaliyyətinə toksik təsir edir. Xüsusilə də diş çıxarma dövründə kalsium siroplarından istifadə daha çox yayılıb”. 

 

Həkimin sözlərinə görə, valideynlər hesab edirlər ki, körpəyə bu preparat verildikdə dişlərin tez çıxmasına yardımçı olacaq:

 

“Diş çıxarma prosesinin qandaki kalsium səviyyəsi və ya miqdarı ilə heç bir asılılığı yoxdur. Uşaqlarda diş çıxarma prosesi genetik xarakter daşıyır. İrsən tez və gec diş çıxaran uşaqlar var. Süd dişlərin mayası ana bətnində 16 -cı həftədə qoyulur və 3 yaşında tamamlanır. Ona görə də, kalsium preparatını həkim təyinatı olmadan körpələrinizə vermək məsləhət görülmür. Əgər uşağın raxit xəstəliyi keçirdiyinə şübhəniz varsa və qan analizi bunu təsdiqləyərsə, o zaman həkimin təyin etdiyi dozada və müddətdə istifadə edə bilərsiniz”.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 9-04-2024, 17:08