Ötən gün Ermənistan qoşunlarının Naxçıvanın işğal altındakı Kərki kəndi istiqamətində yerləşməsi ilə bağlı videogörüntülər yayıldı. Həmin vidokadrları isə Ermənistandakı rus mənbələri yaydılar. Ermənistan Müdafiə Nazirliyi isə bunu ölkədə keçiriləcək hərbi təlimlərlə əlaqələndirməyə çalışsa da burada İrəvanın məqsədi sərhəddə yeni eskalasiya yaratmaqdır.
Hələ Ermənistanın baş naziriki Nikol Paşinyan bir neçə gün bundan öncə Tavuş kəndində yerli sakinlərlə görüşü zamanı bildirmişdi ki, “dörd kəndi Azərbaycana qaytarmasaq, müharibə olacaq”. Nikol Rəsmi Bakının tələb etdiyi həmin kəndlərin Azərbaycan tərəfindən istər siyasi yolla, istərsə də hərbi yolla geri qaytarılacağını yaxşı bilir. Və Ermənistan baş naziri daxili auditoriyaya hesablanmış addım ata bilər və kiçik eskalasiya gedə bilər.
Burada Nikolun iki əsas hədəfi var:
1. O, bununla da həmin 4 kəndin onun razılığı ilə yox, hərbi əməliyyatlarla Azərbayacana qaytarıldığını daxili ictamiyyətə isbatlamaq
2. Ölkənin təhlükəsizliyinin qarantı kimi KTMT yox, Qərbin olduğunu göstərmək
Paşinyan 2-ci variantdan daha çox istifadə edərək, Ermənistanın KTMT-dəki iştirakını dondurmağına haqq qazandıracaq və Qərbi ölkənin təhlükəsizliyinə zəmanət vermək üçün onları ölkəyə cəlb etməyə çalışacaq.
Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı (Aİ) - Ermənistan görüşünün də əsas məqsədi Qərb qüvvələrinin bölgəyə cəlb edilməsi olacaq. Və indiki məcrada baş verə biləcək eskalasiyadan sonra Qərb qüvvələrinin Ermənistana cəlb edilməsi İrəvan hakimiyyəti üçün əsas arqument ola biləcək. Bu həmdə Paşinyana ölkədən Rusiya qoşunlarının sıxışdırılıb çıxarılması üçün çox vacibdir.
Ermənistan qoşunlarının ötən gündən Azərbaycanla şərti sərhəddə toplanması Paşinyanın bu planları üçün vacib amildir.
Çox ehtimal ki, yaxın günlərdə Ermənistan ordusu təxribatlara əl ataraq, sərhəddə gərginliyi artırmağa çalışacaq. Azərbaycan ordusu isə sərhəddə baş verə biləcək hər bir təxribatın qarşısını almağa hər an hazırdır. Bu barədə bu gün Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yayaraq, bildirdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbayacan qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Daşqın Həsənov
Missiya.Az