
Qərbin Azərbaycana qarşı qərəzli mövqe yürütdüyü hər birimizə yaxşı məlumdur. Azərbaycan isə daim balanslı siyasət yürüdüb. Ölkəmizin regionda söz sahibi olması, öz suverenliyini bərpa etməsi Avropanı qəzəbləndirir. Onlar öz çirkin niyyətini media vasitəsilə də həyata keçirir. Qərb mediasında Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı materialların yayılması, iyrənc vasitələrdən istifadə, ölkəmizə və dövlət başçısına qarşı aparılan hibrid psixoloji müharibənin təzahürüdür. Ermənistanla yaxın əlaqə quran, tarixi həqiqətlərimizlə bağlı heç vaxt obyektiv yanaşma irəli sürməyən Qərb daim ikili standartlar siyasəti yürüdüb.
Politoloq Tural İsmayılov Missiya.Az-a açıqlamasında deyib ki, Qərb mediası bir qrup çirkli pul mexanizmlərinin yuyulması prosesinin alətinə çevrilib:
"Təəsüflər olsun ki, fikir plüralizmindən, söz azadlığından, beynəlxalq medianın etik kodekslərindən dəm vuran Qərbin jurnalist şəbəkələri bir çox hallarda təxribatın, yalanın, dezinformasiyanın mənbəyinə çevrilir. Bu gün özlərini dünyanın nüfuzlu media orqanları adlandıran media platformalarında Azərbaycan və Türkiyə əleyhinə sistematik təbliğat aparıldığının şahidi oluruq. Həm də tragikomik mənzərə ondan ibarətdir ki, dünyanın gözü önündə 21-ci əsrdə Fransa özünün coğrafi sərhədlərinə daxil olmayan ərazilərdə kobud şəkildə insan hüquqlarını tapdalayır və neokolonialist siyasəti davam etdirir. Biz indiyə qədər görməmişik ki, Türkiyə əleyhinə olan PKK terrorçularına qarşı və Türkiyənin suveren hüquqlarını müdafiə edən Qərbin USAİD və başqa fondlarına bağlı olan medialarında bir yazı getsin. Yaxud da Azərbaycanın Qarabağ həqiqətləri ilə əlaqədar, dövlətimiz və xalqımıza qarşı həyata keçirilmiş çoxəsrlik terror hadisələrinə dair obyektiv rəylər yazılsın".

Tural İsmayılov vurğulayıb ki, Qərb mediasının özü beynəlxalq jurnalistikanın prinsiplərini pozur, lakin etik kodekslərdən danışır:
"Bu gün çoxlu oxucu tirajına malik olmaqla deyil, ayrılan qrant layihələri və çirkli pullarla bir çox ABŞ, Fransa və Qərbin neoimperialist şəbəkələrinə bağlı olan media qurumları yalanın, dezinformasiyanın və "fake news"un ruporuna çevrilib ki, bu da həm beynəlxalq jurnalistika prinsiplərinə həqarət etmək deməkdir, həm də çağdaş dövrdə bütün qlobal dünya düzənində insanları mediaya dair pozitiv fikirlərlə necə manipulyasiya etdiklərini aydın ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan ictimai-siyasi fikri, media mühiti bu tip tendensiya və təhlükələrə qarşı həmişə oyaqdır. Hər zaman dövlətçilik mövqeyindən çıxış etməyə davam edir".
Zərintac Mayisqızı
Missiya.Az