AZ   |   RU
Bütöv Azərbaycanın Novruz təntənəsi


Mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan Novruz bayramını qeyd edirik. Elimizə, obamıza Novruz gəlib. Yeni gün, yeni müjdə gəlib. İlıq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanıb. Soyuq qış günlərindən sonra yazın gəlməsi insanlarda böyük əhvali-ruhiyyə yaranıb. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.



Bu gün artıq müstəqil dövlətimizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Bu bizimi milli dəyərlərimizə, adət və ənənələrimizə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdəndir. İslami, milli dəyərlərə yeni prizmadan baxış ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapır. Müasir dünyada baş verənlər qloballaşma və inteqrasiya prosesində ölkəmizin uğurlu gələcəyini təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir.


Xalqımızın milli-mənəvi dəyərlərində xüsusi yeri olan Novruz bayramının təbliği, onun tanıdılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi.

 

Azərbaycan xalqı bu gün daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Bu gün bütöv Azərbaycan Novruz bayramını qarşılayır. Xalqımızın on illər boyu arzuları çin olub, bütöv Azərbaycan Novruz təntənəsi ilə yaşayır.

Sevil Əliyeva Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru







  • 18-03-2024, 20:45