Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramı olan Novruz bayramı münasibətilə Nizami rayonunda sakinlərin böyük əhval-ruhiyyəsi ilə silsilə bayram tədbirləri keçirilir.
Missiya.Az xəbər verir ki, bu gün Heydər Bağı – Park Bulvarda ümumrayon bayram şənliyi keçirilib.
Bayram şənliyində qonaqlar, rayonun idarə, müəssisə və təşkilatlarının, təlim-tərbiyə müəssisələrinin kollektivləri, rayon gəncləri, qazilər və şəhid ailələri, sakinlər iştirak ediblər.
İştirakçıları salamlayan müdrik el ağsaqqalı Dədə Qorqud rayon əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, xeyir-duasını verib, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb və bayram tonqalını yandırıb, milli geyimli qızlar rəqs ediblər.
Şənlikdə Novruz bayramına həsr olunmuş dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgi təşkil olunub, milli folklor nümunələri, Novruz xonçaları, səmənilər, müxtəlif şirniyyat nümunələri nümayiş etdirilib.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə, kəndirbaz və gənc pəhləvanlar isə müxtəlif nömrələrlə şənlikdə xoş ovqat yaradıblar.
Bayram şənliyində incəsənət ustalarının ifasında səsləndirilən musiqilər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az