AZ   |   RU
Məktəblərin ərazisindəki bəzi idman meydançalarının başqa məqsədlər üçün istifadə olunduğu müəyyənləşib

 

Orta məktəblərin ərazisində yerləşən bəzi idman meydançaları özəlləşdirilərək başqa məqsədlər üçün istifadə olunur.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda bildirilib ki, bu prosesin qarşısının qəti şəkildə alınması üçün tədbirlərin görülməsi xahiş edilir.

Qeyd edilib ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.2.16-cı bəndinə əsasən "dövlət icbari ümumi orta təhsil müəssisələri" özəlləşdirilməsi qadağan olan əmlaklara aid edilib:

"Bu baxımdan orta məktəblərin və onlara xidmət edən idman qurğularının (meydançaların) özəlləşdirilməsi həyata keçirilmir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 10.13-cü bəndinə əsasən ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz. Bundan başqa, Elm və Təhsil Nazirliyinin Audit şöbəsi tərəfindən kənar müdaxilənin qarşısının alınması ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır. Bu kimi halların (zəbt, qanunsuz müdaxilə və sair) qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müqavilələr əsasında son illər ərzində 1,7 mindən çox təhsil müəssisəsi üçün texniki pasport hazırlanmış və hazırda bu işlər davam etdirilir”.



  • 6-03-2024, 18:30