AZ   |   RU
Avtomobillərin texniki baxışı ləğv edilirmi? - Açıqlama

 

Son günlər mediada avtomobillərin texniki baxışdan keçmə tələbinin ləğv edilməsi ilə bağlı fikirlər dolaşır. İddialara görə, texniki baxışın ləğv edilməsi fonunda avtomobillərin icbari sığortası üçün təklif edilən qiymətlərdə artım müşahidə ediləcək. 


Biz də mövzunu araşdırmaq qərarına gəldik və məsələ ilə bağlı nəqliyyat ekspertlərinə müraciət etdik. 


Nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, bu məlumatlar şayiədir. Heç bir həqiqəti əks etdirmir. 


Digər nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında qeyd etdi ki, bu proses gələcəkdə bəlkə də mümkün ola bilər, lakin bu gün üçün bunu deyə bilmərik:


“Azərbaycanda “Avtomobillərin utilizasiyası haqqında” qərar hələ yeni qəbul edilib. Utilizasiya prosesi başlayır. Bu prosesinin həyata keçirilməsində məcburi texniki baxış böyük rol oynayacaq. Hələ ki, Azərbaycanda avtomobillərə texniki baxışın ləğv edilməsinin zamanı deyil. Qaydalar da onu göstərir ki, 4 il məsələsi var və bu Azərbaycanda da keçərlidir. Müddəti dörd ildən yuxarı olan avtomobillər üçün texniki baxış məcburidir. 4 ildən sonra avtomobillər 2 ildən bir texniki baxışdan keçir. 10 il keçdikdən sonra isə hər il keçirmək lazımdır”.


Elməddin Muradlı onu da bildirdi ki, texniki baxışa yanaşmalar ola bilsin müxtəlif ölkələrdə dəyişir. Azərbaycanda da bəlkə zamanı gəldikdə bu dəyişəcək.


“Amma bu gün Azərbaycanın avtomobil parkının böyük hissəsi köhnə avtomobillərdən ibarətdir. Sürücülərimizin də böyük bir qismi avtomobilə qulluq etmir. Yəni onun işıq cihazları, digər sistemləri sıradan çıxır, düzəltmək lazım olur, düzəltmirlər. Yalnız texniki baxış ərəfəsində məcburiyyətdən təmir etdirirlər. Yəni biz psixoloji olaraq bu şəkildə formalaşmış bir cəmiyyətik və əgər bu texniki baxışı ləğv etsək, inanın ki, əksər sürücülər avtomobillərə qulluq lazımdır anlayışını kənara qoyacaqlar”.


Ekspertin sözləri ilə desək, avtomobil parkımız nə vaxtsa yenilənərsə və bir çox addımlar nəticəsində yeni, keyfiyyətli avtomobillərin gətirilməsi fayda verərsə texniki baxışın ləğv edilməsi barədə düşünülə bilər. 


Leyla SƏMƏNDƏR
Missiya.Az

 

 



  • 4-03-2024, 17:42