AZ   |   RU
“Xocalı şəhidlərinin ruhu əbədi dinclik tapdı” - Fazil Mustafa

“Bu gün Xocalı Soyqırımının 32-ci ildönümüdür. Şəhidlərimizi dərin sayğılarla anırıq! Bu il ilk dəfə Soyqırımın ildönümü Xocalıda keçirilir”.


Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib: “Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Xocalı Soyqırımının günahsız qurbanlarının, bütün dönəmlərdəki şəhidlərimizin qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb. 


2020-ci ildəki 44 günlük müharibədə “DəmirYumruq” – Dövlət Xalq birliyi qalib gəldi. – Şanlı Azərbaycan Ordusu üç onillik boyu işğal altında qalmış torpaqlarımızı düşmən tapdağından azad edərək, bölgədə yeni gerçəkliklər yaratdı. - Xocalı şəhəri ötən il sentyabrın 20-də şanlı Ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri sonucunda Ermənistanın işğalçı ordusunun qalıqlarından, separatçılardan təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xocalı şəhərində Dövlət Bayrağımızı ucaltdı.


Şanlı Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində Qarabağda separatçılığın kökü tam qazındı, işğala son verildi; beləliklə, Xocalı şəhidlərinin, bütün dönəmlərdəki şəhidlərimizin ruhu əbədi dinclik tapdı.


Tanrıdan şəhidlərimizə rəhmət diləyir, onların əziz xatirəsi qarşısında baş əyirik!”.



  • 26-02-2024, 14:12