44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərimizdə məscidlərin, tarixi və mədəni abidələrin tamamilə məhv edilməsi Ermənistan adlı dövlətin və erməni xalqının əsl simasını bütün dünyaya göstərdi. 30 il ərzində ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri vandalizm və barbarlıq hətta, beynəlxalq ictimaiyyəti baş verənlərə münasibət bildirməyə vadar etdi.
Özlərini dünyanın ən “sivil” və “mərhəmətli” xalqı kimi təqdim etməyə çalışan ermənilərin yürütdüyü siyasət Azərbaycan ordusunun qazandığı şanlı Qələbədən sonra alt-üst oldu. Belə ki, beynəlxalq təşkilatların və KİV-lərin işğaldan azad olunmuş ərazilərdən təşkil etdiyi araşdırmalar və çəkilişlər dünya ictimaiyyətinin diqqətini cəlb etməklə bərabər, erməni faşizminin əsil simasını ortaya çıxardı. Vəziyyət o həddə çatıb ki, erməni ictimai fəalları Qarabağ torpaqlarında həyata keçirilən vandalizm və barbarlıq siyasətini faktlarla etiraf etməyə başlayıblar.
Ermənistanda kifayət qədər tanınan ictimai fəal və bloqer, jurnalist Roman Baqdasaryan öz Youtube platformasında bütün dünyanı lərzəyə gətirəcək vandalizm faktlarını etiraf edib. Bir neçə dəqiqəlik çıxışında erməni ictimai fəal 30 il ərzində işğalda qalan torpaqlarımızda düşmənin dünyada analoqu olmayan vəhşiliklərə əl atdığını sübuta yetirir.
Erməni ictimai fəal Azərbaycanın qələbəsi ilə başa çatan 30 illik münaqişənin səbəbkarı kimi erməniləri ittiham edərək onları azərbaycanlılara qarşı qəddarlıqda, qeyri-insani münasibətdə, hərbi və mülki cinayətlər törətməkdə, vandalizm və barbarlıqda günahlandırıb. O etiraf edib ki, ermənilər işğal etdikləri ərazilərdə tarixi-mədəni abidələrə o cümlədən, qəbiristanlıqlara və məscidlərə qarşı bəşəri cinayətlərə əl atıblar. Erməni bloqer çıxışında qeyd edir: “ermənilər anlamalıydılar ki, işğal etdikləri ərazilərdəki qəbiristanlıqlarda meyitləri açıb çıxardaraq onların ağzındakı qızıl dişləri oğurlayaraq, əridib külçə halında Ermənistana xammal kimi satanda bunun bədəlini bir gün ödəməli olacaqlar.
Ermənistanda hakimiyyətdə olmuş Sarqisyan və Köçəryanın Azərbaycana qarşı yürütdüyü zorakı və vandal siyasətin sonu belə olmalıydı. 44 günlük müharibə zamanı dağıdılmış qəbirlərin və təhqir olunmuş insan cəsədlərinin canlı şahidi olan Azərbaycan əsgərinin qisasçılıq hissini başa düşmək lazımdır”. Daha sonra R.Baqdasaryan müsəlman qəbirstanlıqlarının necə məhv olunmasından söhbət açır: “ermənilər işğal etdikləri ərazilərdəki qəbiristanlıqlardakı məzar daşlarını sökərək üstündəki yazıları siliblər və onları material şəklində satıblar. Dünyanın aparıcı telekanallarında nümayiş olunan kadrlar dediklərimizə əyani sübutdur. Meyitlərin ağzındakı qızıl dişləri çıxarıb satmaqla bərabər məzar daşlarını da, alver predmetinə çevirən ermənilər bir gün buna görə cavab verməli olduqlarını anlamalıydılar”.

Vaxtilə işğal altında olan ərazilərdə mövcud olan məscidlərin və digər dini abidələrin yer üzündən silindiyini bildirən erməni bloqer aşağıdakıları bildirir: “Azərbaycan torpaqlarında bu sayda məscidlərin olmasını mən də bilmirdim. Yanlız müharibədən sonra xarici KİV-lərdə yayımlanan materiallardan sonra anladım ki, ermənilər məscidləri və dini abidələri viran qoyaraq, yer üzündən siliblər. Buna görə ermənilər cavab verməli olacaqlar”. R.Baqdasaryan 44 günlük müharibə zamanı erməni kişilərinin arvad paltarı geyinərək meyitlərin arasında necə gizləndiklərini və canlarını qurtardıqlarını dilə gətirir”.
Göründüyü kimi, Ermənistan cəmiyyətində həqiqətləri etiraf edən və erməni faşizminin iç üzünü göstərməkdə maraqlı olan qüvvələr yetişməkdədir. Bu tip qüvvələr çəkinmədən hətta, həyatlarını riskə qoyaraq həqiqətləri bütün dünyaya çatdırmaqda israrlıdırlar. Sərhədlərin demarkasiyası və delimitasiyasının, o cümlədən ətrafdakı qonşularla normal münasibətlərin qurulmasının vacibliyini vurğulayan erməni bloqer bildirib ki, ermənilər yeni reallıqları qəbul etməlidirlər. Əks təqdirdə, onları daha böyük faciələr gözləyir.
Missiya.Az