AZ   |   RU
Ermənistanın sərhəddəki təxribatı - Qərb regionu çalxalamağa çalışır

 
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu snayper atəşi nəticəsində yaralanıb. Bu təxribat Azərbaycan ordusunun ötən ilin 19 sentyabrında Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra qeydə alınan ilk ciddi hadisə idi.


Ermənistan tərəfi şərti sərhəddə qarşıdurma yaratmaqla Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını bir daha ortaya qoymuş oldu. Halbuki, Ermənistan tərəfi çıxışlarında dəfələrlə bəyan edib ki, İrəvan regionda sülhün əldə olunmasında maraqlıdır. Hətta iki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan da Britaniya mediasına müsahibəsi zamanı bildirdi ki, mən regionda sülhün bərqərar olunması üçün hər şeyi edəcəyəm. Ancaq ötən gün baş verən insident bir daha göstərdi ki, qarşı tərəf bölgədə sabitliyin bərpa olunmasında maraqlı deyil.


Son vaxtlar Ermənistanın Qərb tərəfdarlarından silahlar alması və Avropa İttifaqının müşahidəçilərini Azərbaycan sərhədinə gətirməsi İrəvanın növbəti dəfə təxribata əl atacağından xəbər verirdi. Fransanın Ermənistandakı səfirinin də bir neçə gün bundan öncə Azərbaycan sərhədinə yaxın kəndə səfər etməsi də buna əyani sübut idi. Rəsmi Parisin Ermənistanı silahlandırması və verdiyi bəyanatlar göstərirdi ki, Fransa İrəvanı qarşıdurmaya çəkməyə və bölgədə eskalasiya yaratmaqda maraqlıdır.


Ancaq bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ordusuna qarşı törədilən istənilən təxribat öz cavabını alacaq. Və Qərbdən yeni silahlar alıb Azərbaycana qarşı hücum həyat keçirməyə çalışan İrəvan 44 günlük müharibədən və antiterror əməliyyatından dərs çıxarmalıdır. Əks təqdirdə isə bundan ən çox zərər çəkən  yenə Ermənistan olacaq.


İndi İrəvanın qarşısında yalnız bir seçim var: Azərbaycanla mümkün qədər tez sülh müqaviləsi imzalamaq. Sülh müqaviləsini Ermənistan nə qədər uzatmağa çalışsa bölgədə hər an eskalasiya riski qalmağa davam edəcək. Ermənistanın ötən gün törətdiyi təxribat son zamanlar sərhəddə baş verən iki ölkənin baş nazirlərinin müavinlərinin də növbəti görüşünə zərbə vura bilər. 


Hələlik rəsmi Bakı təmkinlə davranır. Lakin bunun həmişə belə olacağına heç kəs təminat verə bilməz. Ermənistan anlamalıdır ki, səbrimizin daşması onlara növbəti dəfə baha başa gələ bilər. 



Daşqın Həsənov
Missiya.Az



  • 13-02-2024, 12:25