AZ   |   RU
Əlişir Nəvainin anadan olduğu gündür


Bu gün özbək əsilli şair, filosof, alim və Nizami Gəncəvinin davamçılarından olmuş Əlişir Nəvainin doğum günüdür.

Missiya.Az
xəbər verir ki, şair 9 fevral 1441-ci ildə Herat şəhərində dünyaya gəlib. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanıb. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyüyüb və təhsil alıb. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi edib. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verib. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər.

Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərib. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində böyük xidmətləri olub. O həm də zamanının bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri idi.

Ancaq şairin əsas böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində idi. Bu baxımdan misilsiz, qiymətli hesab edilir. Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazıb. Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır. Bu əsərlərin hamısı tanınır. Amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn","Məcalisün-Nəfais" adlı əsərləriylə, beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır. "Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarşılaşdırıb. Dahi filosof və alim Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayıb, sübuta yetirib. "Məcalisün-Nəfais" şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və 15-ci əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verilib. "Xəmsə"sində "Fərhad və Şirin","Leyli və Məcnun" kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri", sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirib. Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar , müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.

Böyük şairin şerləri həm yazıldıqları dövr, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunub, ən tanınmış Türk şairləri onu örnək bilib, Nəvaiyə təriflər yazıblar.

Zərintac Mayisqızı
Missiya.Az




  • 9-02-2024, 11:07