AZ   |   RU
Ceyhun Bayramov Hulusi Akarla Azərbaycan-Türkiyə əməkdaşlıq gündəliyini müzakirə edib



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Missiya.Az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.


Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.


Hulusi Akar öz növbəsində qonaqpərvərliyə və xoş qəbula görə təşəkkürlərini bildirib, ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin gələcək perspektivlərindən məmnuniyyət ifadə edib. Həmçinin komissiya sədri Hulusi Akar Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib.


Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



  • 29-01-2024, 19:44