AZ   |   RU
Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur


Azərbaycan 30 il demək olar ki, ermənilərin Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağı işğal etdiyi, bir milyondan çox yerli azərbaycanlıların öz doğma yurd-yuvalarından didərgin salındığı, minlərlə soydaşlarımızın ermənilər tərəfindən işgəncə ilə öldürüldüyü, əsir saxlanıldığı və yeni ərazilər iddiası ilə Ermənistan ordusunun durmadan digər rayonlarımızı atəşə tutduğu, bunun nəticəsində isə mülki əhaliyə ziyan dəyməsi, qadınların, qocaların, uşaqların həlak olması barədə bütün dünyaya səs salıb. Beynəlxalq təşkilatlara müraciət edib. Lakin yalnız Beynəlxalq Millətlər Təşkilatı və ATƏT-in Minsk qrupu bir neçə bəyanat verməklə kifayətlənib.



Bu bəyanatlara isə Ermənistan heç bir əhəmiyyət verməyərək təcavüzü davam etdirib. Maraqlıdır ki, bir sıra ölkələr, o cümlədən Fransa işğalçı və cinayətkar Ermənistanı müdafiə etməyə başladı. Fransa ölkəmizin haqlı olduğunu bilə bilə qərəzli münasibət yürütdü -cinayətkara tərəf çıxdı. 


Son vaxtlar isə bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsiylə reallaşdırmağa çalışır. Bunun səbəbi də Fransanın xarici siyasətdə uğursuzluğu və eyni zamanda nüfuzdan düşməsidir. Odur ki, ermənipərəst Fransa elə ermənilərin özləri kimi çirkin əməllərindən əl çəkməyərək Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. 


Beləliklə Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. AŞPA da demək olar ki, son vaxtlar Fransanın ölkəmizə qarşı kampaniyasını davam etdirir və Azərbaycanı gözdən salmağa çalışır. Beləliklə Qərbdəki antiazərbaycan qüvvələr bu gün AŞPA-dan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi də Qərbin 5-ci kalonunu müdafiə edir və Azərbaycana qarşı sifarişli qərarlar qəbul edir. Avropa Şurası da Azərbaycanın öz gücünə müstəqillik əldə etməsini, bu qədər ermənipərəst ölkələrin hər sahədə ərzaq və silah-sursatla yardımlar etməsinə baxmayaraq Ermənistanın məğlub olmasını qəbul etmək istəmir. Azərbaycan Prezidenti İlham Əliyevin isə müstəqil siyasətini həzm edə bilmir.


2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini və Ermənistandan Azərbaycan ərazilərinə gətirilən silah-sursatın, minaların, canlı qüvvənin qarşısını almamağı tələb edib.


AŞPA bu müddət ərzində yalnız təcavüzkar Ermənistanın tərəfini saxlayıb və guya ki, Qarabağda yaşayan “ermənilərin hüquqlarını” bərpa etmək niyyətində olub. 2020-ci ildə isə Azərbaycan öz gücü ilə heç bir infrastruktura və dinc erməni əhalisinə ziyan vurmadan, Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri o cümlədən Qarabağı müharibə yolu ilə geri qaytardı. Qarabağda əvvəldən yaşamış ermənilərə də dəfələrlə Azərbaycan vətəndaşı kimi burada azərbaycanlılarla bərabərhüqüqlu vətəndaş kimi yaşamaq təklif olundu. Azərbaycan torpaqlarından köçən ermənilərin hər bir ehtiyacı azərbaycanlı hərbçilər tərəfindən ödənilirdi. Onların Azərbaycan torpaqlarını tərk etməsi anları da anbaan yerli və xarici jurnalistlər tərəfindən izlənilib və çəkilib. 


AŞPA isə “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Belə ki, 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tamamlamaqla hədələyib. 2024-cü il yanvar ayının 24-də isə Avropa Şurası Parlament Assambleyasının qış yarımsessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etibarnamələri təsdiq edilmədi. Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının və Avropa Şurasının özünün belə Azərbaycan üçün demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Müharibə Ermənistan tərəfindən işğal edilmiş və 30 il ərzində darmadağın edilmiş Azərbaycan torpaqlarında gedib. Biz heç kimin torpağına təcavüz etməmişik. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib. 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təçkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.”


Azərbaycan haqq yolundadır, haqq isə həmişə qalib gəlir. 


Şəhla Ağbulud 
“Abşeron” qəzetinin baş redaktoru


  • 25-01-2024, 22:54