Hazırda son günlərini yaşadığımız 2023-cü il, Azərbaycan Pespublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin 22 sentyabr 2022-ci il taixli 3494 nömrəli Sərəncamı ilə “Heydər Əliyev ili” elan olunmuşdu.
Məlum olduğu kimi 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu sərəncamdan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində ölkəmizdə və onun sərhədlərindən kənarda bir-birindən maraqlı silsilə tədbirlər həyata keçirildi.
Bu tədbirlərin gedişində hər kəs bir daha xatırladı ki, Heydər Əliyev öz xalqını dövrünün ağır və mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq azad və müstəqil dövlətinə qovuşdurmuş uzaqgörən bir lider, qüdrətli şəxsiyyətdir. O, Azərbaycana rəhbərliyinin birinci dövründə qeyri-adi idarəçilik bacarığı ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuş, bu təcrübəsindən ölkəmizə rəhbərliyinin ikinci dövründə də bacarıqla istifadə edərək, dünya çapında sayılıb - seçilən, öz sözü, öz imzası olan qüdrətli Azərbaycan dövləti formalaşdıra bilmişdir.
Heydər Əliyevin keçmiş olduğu zəngin həyat yolu, irsi və tərcümeyi-halı bu gün də gəncliyə ən faydalı örnək və həyat dərsidir. Qarşıya çıxan heç bir çətinlikdən qorxmayaraq, öz tarixinə, mentalitetinə, adət-ənənələrinə bağlılıq bu zəngin həyat yolunun içərisindən uzanıb gedən əbədi bir işıq selidir. Ulu Öndər cəmiyyətin müxtəlif təbəqələri arasında üzvi bağlılığı aydın şəkildə görərək, müəyyənləşdirdiyi milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni, hərbi və digər sahələrdə qarşıda duran vəzifələri məharətlə həyata keçirmişdir.
Xüsusilə də onun milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmişdir. O cümlədən həyatımızın bütün sferalarını əhatə edən köklü islahatların həyata keçirilməsi, hüquqi dövlət quruculuğu və nizami ordunun yaradılması Heydər Əliyevin öz xalqı qarşısında müstəsna xidmətləridir. Bütün bu xidmətlərin qarşısında anadan olmasının 100 illiyi şərəfinə 2023-cü ilin məhz “Heydər Əliyev ili” elan olunması Ümummilli Liderini sevən xalqın ürəyincə oldu.
“Heydər Əliyev ili” ilə bağlı bir sıra yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarlar çox yüksək səviyyədə təşkil olundu və həyata keçirildi. Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibələrin, məqalələrin dərc edilməsi təmin edildi. Ölkəmizin şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə baş tutan tədbirlər, müxtəlif müsabiqələr, sərgilər, festivallar və konsert proqramları baş tutdu.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları tərəfindən də çox maraqlı tədbirlər proqramı həyata keçirildi. İdman yarışları, beynəlxalq turnirlər təşkil olunaraq qaliblər yüksək səviyyədə mükafatlandırıldı.
Ulu Öndərin irsinə həsr olunmuş kitabların və nəşri təşkil olundu. Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis olundu. Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri” keçirildi. Bütün ölkə boyu ağacəkmə aksiyaları keçirildi və abadlıq işləri aparıldı.
Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalı təsis olundu, poçt markaları və xatirə nişanları buraxıldı. Ən nəhayət Heydər Əliyev Mükafatının təqdimat mərasimi baş tutdu. Biz də öz növbəmizdə bir şirkət olaraq Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini əziz tutaraq “Heydər Əliyev ili” çərçivəsində bir sıra konfrans və dəyirmi masalar təşkil etdik.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən İlham Əliyev cənabları nəyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində qazandığı şanlı Zəfərlə sübut etdikdən sonra, “Heydər Əliyev ili”nə də Ali Baş Komandan olaraq öz şanlı və tarixi töhfəsini vermiş oldu. Bu Xankəndi Zəfəri idi. Xankəndinin mərkəzi meydanında Azərbaycanın üçrəngli bayrağını ucaldan Ali Baş Komandan “Xankəndi Azərbaycandır!” deməklə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun, Azərbaycan xalqının döyüşkən ruhunun, Ordu – Xalq – Ali Baş Komandan Birliyinin sarsılmaz və məğlubedilməz olduğunu bütün dünyaya bir daha göstərmiş oldu.
Tanrıdan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ruhuna rəhmət diləyir, onun layiqli davamçısı Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevə can sağlığı arzulayır, sevimli xalqıma sonsuz sayda şanlı illər arzulayıram!