AZ   |   RU
Aleksandar Vuçiç İlham Əliyevi təbrik edib



Serbiyanın Prezidenti Aleksandar Vuçiçdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Missiya.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, həmçinin şəxsi və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında qurduğumuz əlaqələr və əməkdaşlığımızla, o cümlədən gündən-günə inkişaf edən şəxsi münasibətlərimizlə fəxr edirəm.

Serbiya Respublikası Azərbaycan Respublikasının beynəlxalq hüququn və BMT-nin Nizamnaməsinin prinsiplərinə əməl etməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir və bunu həm də ölkənizin bizim ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hörmətinin göstəricisi kimi dəyərləndirir. Əmin ola bilərsiniz ki, bu mövqe qarşılıqlıdır və Serbiya daim Azərbaycanın sadiq və etibarlı tərəfdaşı və dostu olacaqdır.

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi ilə bağlı Sizin son səfəriniz zamanı Niş şəhərində görüşümüzdən məmnun qaldım. Bizim enerji resurslarımızın şaxələndirilməsinə təkan verəcək bu görüş ikitərəfli əməkdaşlığımızın daha da səmərəli olmasına, inkişaf etməsinə doğru atılmış bir addımdır. Serbiya tərəfi azərbaycanlı dostları ilə əl-ələ verərək Sizinlə müzakirə etdiyimiz və vətəndaşlarımızın mənafeyi naminə olan yeni ideyaların və layihələrin reallaşdırılması istiqamətində birgə işləməyə hazırdır.

Sizinlə tezliklə görüşməyimə ümidvaram. Fürsətdən istifadə edərək, Zati-alinizə bir daha səmimi təbriklərimi çatdırır, ən dərin ehtiramımı bildirirəm".



  • 22-12-2023, 18:48