“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə edildi. Təklif olunan dəyişikliklərə əsasən, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək”.
Missiya.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
O, əlavə edib ki, hər uşaq üçün əlavə 5 faiz ödənilir: “İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. Müzakirələr zamanı təklif etdim ki, ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin. Ailədə əlilliyi olan uşaq varsa və ailə başçısına işsizlikdən sığorta təyin edilirsə o zaman əlavə 5 faiz deyil, 10 faiz hesablanması daha məqsədəuyğun olardı. Bu imkan verər ki, bu ailələrə ödənilən sığorta məbləği daha yüksək olsun. Bu həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi baxımdan vacibdir.
Qeyd edim ki, təklifin qanunvericilikdə öz əksini tapması üçün müvafiq dövlət qurumları ilə müzakirələr davam etdiriləcək”.
Missiya.Az