“Parisin ermənipərəst meri Ann İdalqonun büdcə pulları ilə özünə məzuniyyət təşkil etdiyi məlum olub. İdalqo həyat yoldaşı ilə birlikdə Fransanın işğal etdiyi və azadlığını boğduğu müstəmləkəsi Yeni Kaledoniyada nə az, nə çox – 60 min avroluq istirahət edib. Bu barədə məlumat əvvəl mediaya məlum olub, indi isə faktla bağlı Antikorrupsiya komitəsi araşdırma aparır”.
Missiya.Az xəbər verir ki, bu barədə millət vəkili Elnur Allahverdiyev qeyd edib.
Millət vəkili bildirib ki, İdalqonu biz Strasburq meri ilə birlikdə Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında ermənilərin təşkil etdiyi avantürist təbliğat kampaniyasına dəstək vermək məqsədilə Azərbaycanla sərhədə gəlməsindən xatırlayırıq:
“Gəldi, yarım saat uzaqdan ərazilərimizə zilləndi, təmtəraqla və hay-küylə gətirdiyi bir neçə “ərzaq” dolu yük maşınları ilə geriyə - İrəvana qayıtdı. Paris merinin büdcə hesabına istirahət faktının açılması və haqqında antikorrupsion araşdırmanın aparılması ortaya belə bir sual çıxarır: o və onun kimi avropalı məmurlar ermənilərə müxtəlif dəstək səfərlərini hansı vəsait hesabına edirlər? Onların vaxtilə dünya tərəfindən tanınmayan, siyasi xəritədə mövcud olmayan, qanundankənar qurumun üzvləri ilə görüşmək üçün Xankəndiyə etdiyi səfərləri kimlər maliyyələşdirib? Belə səfərlərdən sonra seçkilərdə erməni seçicilərin səslərini qazanmaları korrupsiya əməlidir, ya yox?
Tək Paris meri deyil, bir çox fransalı ermənipərəst məmurlar və siyasətçilər, o cümlədən, avroparlamentarilər ermənilərin bu kimi korrupsiya mexanizminin iştirakçısıdırlar, onların hər biri belə çirkli vəsait əməliyyatlarına bulaşıblar. Zaman-zaman onların hamısı ifşa olunacaqlar, elə öz mediaları və ictimai qurumları tərəfindən. Necə ki, ermənidən çox erməni olan amerikalı senator Bob Menendes ifşa olundu. Özü də dövlət sirrinin xarici dövlət nümayəndələrinə satılmasına görə. Xatırladım ki, Menendesin həyat yoldaşı da milliyyətcə erməni olan Nadin Arslanyandır. Menendes ifşa olunanda mediamıza müsahibələrimdən birində onun aqibətini avropalı həmkarlarının da yaşayacağını demişdim. Yavaş-yavaş qanunsuz əməlləri üzə çıxır. Ardı gələcək”.
Missiya.Az