
İnsanların demək olar ki, əksəriyyəti göbələyi çox xoşlayır. Bu tərəvəzdən müxtəlif yeməklərdə istifadə edilir.
Lakin göbələyi tanımaq vacib məsələdir. Onun təxminən 38 min növü var. Bəziləri zəhərli və zəhərsiz olur. Sözügedən tərəvəzin müxtəlif forma və rəngli çeşidləri də mövcuddur.
Tarixə qısa bir nəzər salaq: Yunanlar qədim zamanlarda fikirləşirdilər ki, göbələk döyüş meydanına gedənlərə xüsusi güc verir. Ona görə də həmin tərəvəzdən ancaq bayram günlərində, çinlilər isə göbələkdən dəyərli bir ərzaq kimi istifadə edərdilər.
Bu tərəvəzin faydaları saymaqla bitməz.Mütəxəssislər bildirirlər ki,göbələk xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir. Göbələyin tərkibində 80-90 faiz su var. Ona görə kalorisi çox azdır. Arıqlamaq istəyənlər yararlana bilər. Xəstəliklərə qarşı güclü silahdır, bədənin müqavimətini artırır. İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan sözügedən tərəvəz diabetli xəstələr üçün ideal qidadır. Heyvani qidalar və yağlar damar problemlərinə gətirib çıxartdığından tamamilə bitki mənşəli olan və tərkibində sıfır faiz yağ olan göbələk ürəyi də qoruyur və damar tıxanmalarının qarşısını alır.
Eyni zamanda göbələyi düzgün seçmədikdə,bişirmədikdə, mədə-bağırsaqda hər hansı narahatlıq olduğu halda yeyildikdə zəhərlənmə baş verə bilər. Bunun üçün göbələk haqqında məlumatlı olmaq və diqqətli istifadə məsləhət görülür.

Sağlam və zərər görməmiş göbələkləri almaq tövsiyə edilir. Kağız paketdə onu bir həftə soyuducuda saxlamaq mümkündür. Həmin tərəvəzi əvvəl təmizləyib, sonra yumaq lazımdır. Onun konservindən, qurudulmuşundan və dondurulmuşundan istifadə edilə bilər.
Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş olanları qapalı qabda uzun müddət saxladıqda botulizm ( ciddi və potensial ölümcül xəstəlik) əmələ gətirir. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.
Zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət edilməlidir.
Zərintac Mayisqızı
Missiya.Az