AZ   |   RU
“Qərbin Azərbaycan əleyhinə davranışlarının arxasında təkcə Fransa dayanmır” - Millət vəkili

“ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa üzrə Alt Komitəsində “Dağlıq Qarabağın gələcəyi” adı altında keçirilən dünənki dinləmə bir neçə məsələyə tam aydınlıq gətirilməsi baxımından önəmli idi”. 


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.


 O, bildirib ki, birincisi, həmən dinləmədə Azərbaycan qazının Gürcüstan deyil də, Ermənistan üzərindən Avropaya çatdırılması kimi sarsaq tələblər təkcə onu səsləndirən konqresmenin nadanlığına yazılmamalıdır: “Olmayan bir ərazi vahidinin "gələcəyi" ilə bağlı dinləmə keçirilməsi ABŞ - nin bu regionda təkcə təkəbbürlü deyil, həm də nə dərəcədə köntöycəsinə davrandığının və torpaqlarımızın işğalına başlandığı gündən yeritdiyi siyasəti yenə də davam etdirdiyinin növbəti təsdiqidir. 


Xatrladıram ki, bu, həmən ABŞ - dir ki, Konqresi "Azadlığı Müdafiə Aktına" 907 - ci əlavəni etməklə regionda baş verənlərə görə işğalçı Ermənistanı deyil də Azərbaycanı suçlandırırdı. Məhz o üzdən bizə dövlət səviyyəsində yardımı yasaqladı. Və belə bir yaramazlığa 1992 - ci ildə Xocalı soyqırımından, Azərbaycan torpaqlarının bir hissəsi işğal edildikdən sonra gedildi. Hələ bu azmış kimi 1997 - ci ildə "Porter əlavəsi" deyilən başqa bir mənfur sənəd də meydana çıxmışdı ki, Azərbaycanın sərt reaksiyasından sonra onun qəbulunun qarşısı alındı.


Dinləmədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin “Biz Ermənistana dəstək vermək üçün Avropa Birliyi ilə sıx əməkdaşlıq edirik" sözləri isə sonuncunun Azərbaycan əleyhinə davranışlarının arxasında təkcə Fransanın dayanmadığını bütün çılpaqlığıyla ortaya qoyur”.


Missiya.Az



  • 16-11-2023, 17:24