
Payız insanların romantik duyğuları daha çox yaşadığı, xəyal və xatirələrlə zəngin bir fəsildir. Bu mövsüm həm də bəzi şəxslərdə gücün, enerjinin tükəndiyi və ümidlərin söndüyü bir dövr olur. Elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Araşdırmalara görə,dünyada hər beş nəfərdən biri sözügedən depressiyadan əziyyət çəkir. Payız elə bir fəsildir ki, ən həyat dolu insanlar belə depressiyaya düşə bilər. Maraqlıdır, payız depressiyası necə yaranır və bunu hansı yollarla aradan qaldırmaq olar?
Mövzu ilə əlaqədar psixoloq Aytən Ələkbərova Missiya.Az-a açıqlama verib.
O, deyib: “Payız depressiyasının başlama səbəbləri hər fərdin psixi xüsusiyyətinə aid olub və sanki daxilindəki lampaların asta-asta sönməsinə gətirib çıxarır. Bu fəslin depressiyasının ilkin mərhələsi yay fəslinin sonlarından ortaya çıxmağa başlayır. Bu hal ürək döyüntülərinin sürətlənməsi, səssizlik, heç kimi görmək istəməmək və səbəbsiz ağlamalarla əmələ gəlir. O cümlədən,kimisə günahkar çıxarmaq, daha sonra özünü günahkarlıq duyğusuna qərq etmək və nə istədiyini bilməmək payız depressiyasının əlamətlərindəndir”.

Psixoloq əlavə edib ki, bu vəziyyətdən hər zaman çıxmaq mümkündür. O da doğrudur ki, insanlar payız fəslinin əvvəlindən sonuna kimi həyatlarını depresiyyalı şəkildə keçirmir:
“Düzgün yuxu rejimi quraraq, günlük işlərini planlayaraq, doğru qidalanmağa diqqət edərək, özünə vaxt ayıraraq və pozitiv enerjiyə köklənərək depressiyadan çıxmaq olar. Həmçinin, təmiz havada gəzmək və idmanla məşğul olmaq da vacibdir. Amma vəziyyət çox ciddidirsə və beyinlərində olan suallara cavab tapa bilməyən şəxslər isə mütəxəssisə müraciət etməlidir”.
Zərintac Mayisqızı
Missiya.Az