
“Konstitusiyanın 8-ci maddəsinə əsasən, Prezident xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyinin varisliyini təmin edir. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilməmişdi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Heydər Əliyevin qurduğu Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi”.
Missiya.Az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən xüsusi iclası zamanı deyib.
Onun sözlərinə görə, əslində cənab İlham Əliyev barədə 2003-cü ildən etibarən danışmaq insaflı yanaşma deyil: “Bakıda Sovet rəhbərliyi ilə nüfuz alveri edilirkən, cənab İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 yanvar hadisələrinə görə Sovet rejiminə qarşı açıq etiraz edən iki nəfərdən biri idi.
Azərbaycan Xalq Cəbhəsi hərəkatı Qorbaçov Yenidənqurmasını dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alındığı dövrdə İlham Əliyev sovet miqyasında elə ən böyük cəbhəçi olan Qorbaçovun, rejiminə təhdid hesab edildiyi üçün işdən çıxarılmışdı. Yəni, kimin hansı cəbhədə olduğunu bu xalq unutmayıb.
Ulu Öndər Bakıya qayıtdıqdan sonra zamanında “adam” etdikləri bu parlamentdə ona danışmağa imkan verməyəndə, Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə Onun əsas silahdaşı yenə də İlham Əliyev idi.
1993-cü ildən etibarən isə Ümummilli liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu.
Ona görə də 2003-cü iləqədərki dövlət quruculuğu prosesində biz Ulu Öndərlə bərabər, Onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adını çəkməliyik.
Sonrakı dövrdə, möhtərəm Prezidentin davam edən 20 illik fəaliyyəti, son 200 ilin gündəliyindən daha zəngin, daha mürəkkəb, həm də tariximizin ən uğurlu perioddur.
Onun şah əsəri isə şübhəsiz ki, böyük Zəfərimizdir.
Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta son müraciətində də ifadə edirdi ki, “xaos və anarxiya dövründə yaranmış bu problemini hələ də həll edə bilməmişik.”
Baxmayaraq ki, Heydər Əlyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, “xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı.”
Amma o zaman Xalq cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhval-ruhiyyəsinə üstünlük verdi.
Baxmayaraq ki, Ulu Öndər dediyi kimi, “Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi.” Və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır.
Bu Zəfərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Ölkəni çadırlardan azad etdi.
Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri “paladka” təfəkküründən xilas edib 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi.
Bu zəfərə qədər cənab İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi.
200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali baş komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı”.
Millət vəkli əlavə edib ki, zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi: “Öz gücümüzə, daha doğrusu Öz gücünə!
Məhz onun sayəsində neftimiz bəzi ölkələrdə olduğu kimi lənət yox, inkişaf etmək və dünyada təsirli gücə çevrilmək üçün vasitə oldu.
Strateji əhəmiyyətinə görə tarix boyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz cənab İlham Əliyev milli kapitala çevirdi və nə qədər ki, Heydər Əliyev siyasi kursunun davamlılığı təmin ediləcək, coğrafiyamız bizim üçün divident gətirməkdə davam edəcək.
Bu gün dönüb 20 il geriyə baxanda, bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət və bu xalq üçün sözün əsl mənasında tarixi şansdır. Millət olaraq şansımız gətirib ki, İlham Əliyev Azərbaycanda doğulub, Azərbaycanda yaşayır və Azərbaycanı idarə edir”.
Missiya.Az