Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb.
Missiya. Az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulmasından ibarət olub.
Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Qazaxıstan, Özbəkistan Respublikalarının, Almaniya Federativ Respublikasının, Rusiya Federasiyasının turizm, səhiyyə, sanator-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.
Konfransın ilk günü iştirakçılar tərəfindən Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Onlar dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olub.
Sonra kənd ərazisindəki Nar bağına səfər edilib, qonaqlara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib.
Konfrans iştirakçıları Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma və bərpa işləri ilə tanış olub, qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi istiqamətində irimiqyaslı işlər aparılıb. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi region turizminin inkişafında mühüm əhəmiyyət kəsb edib. Konfransın plenar iclası və panel müzakirələri növbəti gün davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin də beynəlxalq konfrans keçirilib.