AZ   |   RU
İham Əliyevin regionda yaratdığı yeni reallığı Aİ də qəbul edir - Şarl Mişelin Bakı səfərində diqqətçəkən məqamlar

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü bir çox maraqlı məqamları ilə yadda qaldı. 

Əsas diqqətçəkən məqamlardan biri Şarl Mişelin nitqində Dağlıq Qarabağ, status və s. bu kimi ifadələr işlətməməsi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırmasıdır. 

Bu isə Avropa İttifaqının 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallığı, Azərbaycanın mübahisəsiz qələbəsini, regional siyasətlə bağlı yeni əməkdaşlıq mühitinin yarandığını qəbul etdiyini göstərir. Avropanın müxtəlif dairələri Azərbaycana qarşı qərəzli, ikiüzlü siyasət yürütsə də, Şarl Mişelin Bakı səfəri və burada verdiyi açıqlamalar Avropa İtifaqının mövqeyini, rəsmi Bakı ilə yaxından əməkdaşlıq istəyini bir daha ortaya qoyur. 

Şarl Mişelin Azərbaycan səfərində digər diqqətçəkən məqamlardan biri də ölkəmizin regionlarına səfər etməsi, Şamaxı şəhərində Cümə məscidini ziyarət etməsidir. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. 

Avropa rəsmisi region ölkələrinə səfərində protokol qaydalarına tam riayət edib, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayırıb. Müqayisə üçün Almaniya kansleri Angela Merkelin, Fransa prezidenti Fransua Olandın regiona səfəri zamanı bu balansın gözlənilməməsini göstərmək olar.

Avropalı diplomat Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış olub.  (“Azərkosmos” ASC-yə ziyarət, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak və s.) Bu məqam isə Şarl Mişelin Azərbaycanın iqtisadi potensialı ilə tanış olmaq baxımından çox önəmlidir.

Prezident İlham Əliyev də Şarl Mişelin Bakı səfərini Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin yaxşı göstərcisi kimi qiymətləndirib.

Prezident İlham Əliyevdən sitat: “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.

Ümumilikdə, bu səfər bir daha Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf edən xətt üzrə irəlilədiyini, İttifaqın regionda yaranan yeni reallıqları yaxından izlədiyini, Cənubi Qafqazda sülhə töhfə vermək istəklərini göstərdi. 

Şarl Mişeldən sitat: “…Sizin də qeyd etdiyiniz kimi, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.

Göründüyü kimi Aİ Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf petspektivini düzgün qiymətləndirir. Şarl Mişel nitqində Azərbaycanla Aİ arasında münasibətlərin strateji tərəfdaşılıq səviyyəsinə yüksəldilməsi barədə danışıb. 

Görünən odur ki, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Aİ Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir. Azərbaycanda Avropa İttifaqı ölkələrinə məxsus mindən çox şirkət fəaliyyət göstərir. Həmçinin Avropa İttifaqının 9 ölkəzi Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayıb. Bundan başqa, ölkəmizin təşəbbüsü ilə inşa edilmiş Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 

Ermənistan isə Avropa İttifaqı ilə yaxın münasibətlərinin göstəricisi olacaq hər hansı rəqəm və ya təşəbbüsü səsləndirə bilməz. Çünki onların öyünməyə nə rəqəmləri, nə də təşəbbüsləri var. 

Əgər Ermənistan da regional layihələrdə təşəbbüslərlə çıxış etmək istəyirsə, əhalisinin sosial vəziyyətini yaxşılaşdırmaq niyyətindədirsə, Azərbaycanla sülh prosesinə töhfə verməli, işğalçı ritorikadan çəkinməli və üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etməlidir. 

Azərbaycan prinsipial mövqeyindən bir addım belə geri çəkilmir və ölkə başçısı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi başa çatıb və Cənubi Qafqaz regionu post-münaqişə dövrünə qədəm qoyub. Prezidentin“...indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatının Ermənistan üçün yeganə xilas yoludur.

Missiya.Az





  • 20-07-2021, 14:00