Ermənilərin azərbaycanlılara qarşı apardıqları düşmənçilik siyasətinin tarixi çar Rusiyası zamanı onların qədim Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dövrdən başlayır.
Elə həmin vaxtlardan etibarən ermənilər məskunlaşdıqları Azərbaycan ərazilərində yerli toponimləri dəyişməyə, erməniləşdirməyə başlamış, əlverişli və münbit əraziləri ələ keçirmək məqsədilə azərbaycanlıları sıxışdırmışlar. Türk-müslüman düşmənləri olan ermənilər XX əsrin əvvəllərində Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda soyqırımına məruz qoymuş və yaşadıqları yerlərdən qovmuşlar.
“Dənizdən dənizə Ermənistan” adlı sərsəm və absurd ideyanı reallaşdırmağa çalışan bu xəstə təfəkkür sahiblərinin azərbaycanlılara qarşı qəsbkarlığı bitmək bilmirdi. 1948-1956-cı illərdə 150 minə yaxın, 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.
Daha sonralar bildiyimiz kimi 1988-ci ildə başlayan Qarabağ hadisələri növbəti erməni təcavüzünün təzahürü idi. Bu hərbi cinayətkar rejim xarici havadarları tərəfindən silahlandırılaraq Azərbaycan ərazisinin 20%-ni işğal etmişdir. İşğal zamanı bütün yaşayış məntəqələri viran hala salınmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər və xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamı erməni faşizminin əsl simasını göstərir.
Sərhəd tanımayan erməni vandalizminə BMT də təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
Münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.
Bu illər ərzində Ermənistanın Azərbaycanın mədəni irsinə və iqtisadiyyatına olan zərbəsi davam edirdi. Bir tərəfdən 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuş bir milyondan çox azərbaycanlı, digər tərəfdən isə əraziləri acınacaqlı vəziyyətə salınmış və bütün infrastrukturu tamamilə məhv edilmiş işğal altında saxlanılan Azərbaycan torpaqları. Hələ bu azmış kimi azğın düşmən ölkəmizə qarşı yeni müharibəyə təhrik edən təxribatlar törətməkdə davam edir, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açır və onların rahat yaşamasına imkan vermirdi.
İşğalla heç bir zaman barışmayacağını bəyan edən Azərbaycan xalqı 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı düşmənə öz layiqli cavabını vermiş. Bu döyüşlərdən nəticə çıxarmayan düşmənin təxribatları davam edirdi.
Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat isə 2020-ci il 27 sentyabr tarixində başladı. Belə ki Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirmiş, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermiş və bununla da Vətən Müharibəsi başlamışdır. Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.
Vətən Müharibəsi Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhərinə Şanlı Azərbaycan Ordusu tərəfindən üçrəngli bayrağımızın sancılması ilə başa çatdı. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Vətən müharibəsi bizim şanlı tariximiz, bu Qələbəni bizə bəxş edən şəhidlər və qazilər qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı