“Dünya, sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir”.
Missiya. Az xəbər verir ki, bu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda yer alıb.
Nazir qeyd edib ki, iqlim dəyişikliyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu çağırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsur və yekdil tədbirlər tələb edir.
Hazırki beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır.
Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də İslamofobiya və nifrət nitqinin həyəcan verici dalğası narahatedicidir. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır. Azərbaycan hökuməti Bakı Prosesi və “Mədəniyyət naminə sülh” kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edib.
Artan çağırışlar fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir.
BMT-nin hər bir ölkənin bərabər səsə malik olmasını və onlara münasibətdə eyni yanaşmanın nümayiş etdirilməsini təmin etmək üçün mandatı vardır. BMT Nizamnaməsinin prinsipləri və məqsədləri bütün dünyada məcburi qüvvəyə malikdir və seçim əsasında deyil, müvafiq olaraq aidiyyəti üzrə tətbiq edilməlidir.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına və ayrı-seçkilik olmadan tətbiqinə əsaslanan BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların keçirilməsinin tərəfdarıdır.
Bu baxımdan, Gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik.
Təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrilib. Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40% - ə endirməyi və Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb.
Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib, belə ki, ölkəmiz ənənəvi xam neft istehsalçısından etibarlı təbii qaz təchizatçısına çevrilib. Avropanın ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra Azərbaycan daha beş Avropa ölkəsinə təbii qaz tədarükçüsünə çevrilib. Avropanın enerji təhlükəsizliyinin misli görünməmiş çətinliklərlə üzləşdiyi bir vaxtda yeddi ölkə Azərbaycandan təbii qaz istehlak edir. Yaxın gələcəkdə bu rəqəm on Avropa ölkəsinə qədər artacaq.
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının proqnozlaşdırılan artımı, Azərbaycanın tərəfdaş ölkələrlə birgə həyata keçirdiyi Qara dəniz sualtı elektrik kabelinin çəkilməsi üzrə mühüm transregional layihə sayəsində Azərbaycanın Avropa ölkələrinə ekoloji təmiz elektrik enerjisi ixracatçısı olmasına imkan verəcək.
Azərbaycan həm də transregional rabitə layihələrinin inkişafında əsas aktorlardandır. 2022-ci ildə nəqliyyat infrastrukturuna investisiyaların artırılması və regional tərəfdaşlarımızla əməkdaşlığın genişləndirilməsi ilə tranzit axınını 70 faiz artırdıq.
Cənab Prezident,
30 ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib və qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib.
Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların yekdil səyləri sayəsində danışıqlar prosesi gücləndi və məhdud, lakin ümidverici nəticələr verdi.
Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkimək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu.
Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi.
2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan, Azərbaycanın suveren ərazisində, Laçın yoludan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib.
Bu dövrdə biz danışıqlar apararkən, normallaşma prosesində iştirak edən bütün beynəlxalq aktorlar və daha geniş beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl olaraq Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsindən irəli gələn ciddi təhlükəyə cəlb etdik və bunu sülh yolu ilə nizamlanmağa çağırdıq.
Qanuni və faktlara əsaslanan narahatlıqlarımız bağlı qapılar arxasında qəbul olunsa da, Ermənistanı öhdəliklərini yerinə yetirməyə inandırmaq üçün real addımlara və məqsədyönlü ictimai mesajlara çevrilmədi.
Hazırda bölgədə tərk-silah davam etdikcə, bu istiqamətdə daha çox dəlil toplanır.
Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.
Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı. Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərk-silah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı.
Bunun sülh yolu ilə baş verməməsinin səbəbi Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması idi.