İkinci Qarabağ savaşında informasiya mühitinə sistemli nəzarət, jurnalistlərin, sosial şəbəkə fəallarının vəziyyəti soyuq başla qiymətləndirməsi həm ön cəbhədə, həm də xəbər məkanında qalibiyyətimizin təminatına böyük dəstək oldu.
Təbii ki, əks mövqe sərgiləyən istisnalar da arada gözə dəyib, könül bulandırdı. Belə hallarla daha çox sosial şəbəkə hesablarında üzləşdik. O hesabların idarəçiləri həmişəki amplualarında idilər. Azərbaycanın inkişafını istəməyən məkrli qüvvələrin tapşırığı ilə dövlətin sütunlarından biri olan jurnaistika prinsiplərinin tapdanması, belə “jurnalistlərin”, “aktivistlərin” çörək ağacıdır.
Həmin “çörək ağacı”ndan Azərbaycanın Qarabağ iqtisadi rayonunda 19 sentyabrda başladılaraq, cəmi 24 saat davam edən və böyük uğurla nəticələnən anti-terror tədbirləri zamanı da asıldılar. Bu dəfə sərgilədikəri utancverici hərəkət elə öz izləyiciləri tərəfindən qınaq atəşinə tuş gəldi. O dərəcədə biabırlığa yol verdilər ki, həm arxalarında dayanan məkrli xarici qüvvələri ifşa etmiş oldular, həm də onları bir inforamsiya məkanı kimi seçən oxucuların “ayıb olsun” təhdidinə tuş gəldilər.
“Qəhrəmanların” adlarını çəkək, jurnalistika etikasına sığmayan hərəkətlərinin fotofaktını təqdim edək, necə ağır oxucu təpkisi ilə üzləşdiklərinin əyani sübutunu göstərək.
Meydan TV internet kanalı və onun sosial şəbəkə hesablarının, müxtəlif şəbəklərdəki “Hamamtimes” səhifəsinin (adı hər şeyi deyir – MMQ.) antiterror əməliyyatları zamanı yaydığı məlumatların bir çoxu dövlət sirri sayılacaq qədər məzmuna malik idi. O cümlədən Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları şərtlərinin pozuntusuna yol verdilər.
Faktlar:
Qarabağ ərazisində sülhməramlılara məxsus avtomobilin hansı qüvvələr tərəfindən atəşə tutulması barədə rəsmi məlumat olmamasına, hələ araşdırmalar aparılmasına baxmayaraq, Meydan TV Azərbaycan Prezidentinin guya Rusiya Prezidentindən bu hadisəyə görə üzr istədiyini yazdı. Bununla heç bir fakta söykənmədən, dəlilsiz, sübutsuz Azərbaycan tərəfini ittiham etmiş oldular. 1. Almaniyadan maliyyələşməsinə baxmayaraq, azərbaycanlı kadrların işlədiyi, fəaliyyətini Azərbaycanda yerinə yetirdiyi bir sayt üçün belə iddia çox ayıbdır. O Azərbaycan ki, iddia yayılan gün terrorçu erməniləri tərkisilah etməkdəydi. Həm də ona görə ki, jurnalistlər təhlükəsiz ölkədə yazıb-yaratsınlar.
2. Dəqiqləşdirilməmiş informasiya yaymaq beynəlxalq jurnalistika prinsipinin pozuntusudur. O jurnalistlər Azərbaycanda çalışdıqlarına görə, Jurnalistlərinin Etik Davranış Qaydalarına da əməl etmək öhdəlikləri var. Bunun adı məhz Meydan TV üçün mənəvi öhdəlikdir. Əgər desələr ki, biz Mətbuat Şurasının üzvü deyilik, qurultayda iştirak etməmişik, “bəs azərbaycanlı da deyilsiniz” sualı ilə qarşılaşa biləcəkləri üçün gərəkdir mənəvi öhdəliyin nə demək olduğunu unutmasınlar.
PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
Növbəti rəzillik:
Yazdılar ki, Qarabağda gedən döyüşlər nəticəsində ermənilərə məxsus bir uşaq, bir böyük ölüb, 23 nəfər yaralanıb. Sanki erməni düşüncəsi ilə yazılıb. Azərbaycan bir mülki şəxsi belə, hədəfə almadığını nəinki bəyan etdi, hətta Müdafiə Nazirliyi yaydığı videolarla bu arqumenti riyazi dəqiqliklə əsaslandırdı. Belə olan təqdirdə, həm də təsdiqlənməmiş “xəbəri” yazmağın adı nədir? Casusluq? Sual işarəsini saxlamağı, yaxud götürməyi oxucuların ixtiyarına buraxırıq. O oxucuların ki, saytı bu məzmunlu xəbərlər yaydığına görə ağır ifadələrlə “bəzədilər” (təqdim etdiyimiz fotolardan aydın görünür – MMQ.)
Rəzilliyin daha bir növü:
Antiterror tədbirlərində həyatını itirən hərbçilərimizlə bağlı siyahı yaydılar. Halbuki hələ şəhidlər və yaralılar barədə rəsmi siyahı yayılmayıb, əlbəttə, dövlət baba belə məsləhət bilir. Yuxarıda yazdıq: fövqəladə hallar zamanı informasiyanın idarə olunması qaydaları hökumətin qərarı ilə tamamən redaktəyə məruz qalır və qalmalıdır.
Hələ “Hamamtimes”a baxın. Hamamda zəhərli tüstünun “uqarı”ndan boğulub. Yoxsa, hamının bildiyi həqiqəti, bu həqiqətin baş verməsində xalqın, dövlətin xeyrinə olan məqamları nəzərə almadan “Azərbaycanda internet problemi yaşanır” xəbərini niyə həvəslə tirajlasın ki?.. Boğulma effektidir.
Jurnalist də deyillər ki, problemin öz-özünə yaşanmadığını anlasınlar. İnternetin məhz rəsmi səviyyədə zəiflədildiyini dərk etsinlər. İnternetin aktiv fazada olması bu kimi əməliyyatlarda düşmənə dezinformasiya manevrləri etməyə imkanlar açır. Dövlətin tədbirinin əleyhinə məlumat fonu yaratmaq məcəllə pozuntusudur. Qoy hüquqşünaslar müəyyənləşdirsin, haqqında danışdığımız yox, danışmaq istəmədiyimiz bu kimi xəbər yayıcıları hansı məcəllələrlə məsuliyyət daşıyırlar.
Biz Mediaekspert.az saytı olaraq, jurnalistika prinsiplərindən çıxış edirik. Yayılan və izləyicilərin açıq, ağır tənqidinə məruz qalan məlumatların jurnalistikanın təməl prinsiplərinə kəskin zərbə olduğu danılmaz faktdır.
Mediaekspert Monitorinq Qrupu